Azərbaycan ilə Peru arasında parlamentlər səviyyəsində əlaqələr müzakirə olunub

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov bu ölkənin Konqresinin sədri Alexandro Soto Reyes və Beynəlxalq əlaqələr komissiyasının sədri Alexandro Aguinaqa ilə görüşüb.

Azərbaycanın Perudakı səfirliyindən  Polise.a -a bildiriblər ki, görüşlər zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

M.Talıbov Azərbaycan ilə Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin geosiyasi proseslərə müsbət təsirindən də danışıb.

Səfir bildirib ki, bu il xalqımız tərəfindən 100 illik yubileyi təntənəli şəkildə qeyd edilən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təşəkkül tapmış irimiqyaslı beynəlxalq layihələr sayəsində hazırda Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və enerji qovşağına çevrilib. O, cari ilin may ayında Ulu Öndərin 100 illik yubileyi münasibətilə Peru Konqresində təşkil olunmuş tədbiri də məmnunluqla qeyd edib.

Azərbaycan diplomatı Peru rəsmilərini regiondakı vəziyyət, gündəlikdəki sülh prosesinin gedişatı barədə məlumatlandırıb. Səfir Azərbaycan ərazilərində Ermənistan tərəfindən uzun müddət etnik təmizləmə və vandalizm aktları həyata keçirildiyini, işğala 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Zəfərlə son qoyulduğunu, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb.

Görüş zamanı diplomat Peru hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib.

Görüş əsnasında Peru səfirliyinin Azərbaycanda fəaliyyətinin bərpası məsələsi və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin yaradılmasına əlavə təkan verəcəyi qeyd edilib.

Konqresin sədri A. Soto Reyes ölkələrimizin əlaqələrinin uğurla inkişaf etdiyini bildirərək, Peru ilə Azərbaycan arasında, əsasən siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında maraqlı olduqlarını vurğulayıb. O, hər iki ölkənin parlament nümayəndələri arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi, müxtəlif sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair mütəmadi fikir mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına inandığını söyləyib.

Beynəlxalq əlaqələr komissiyasının sədri A.Aguinaqa ilə görüşdə Məmməd Talıbov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

Söhbət zamanı, müasir dövrdə dövlətlərarası əlaqələr və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button