Azərbaycan ilə Türkiyə arasında hərbi təhlükəsizlik üzrə memorandum imzalandı

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından “IDEF 2025” sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.
***
19:42
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bir sıra ikitərəfli görüşlər keçirib. İstanbulda keçirilən sərgi çərçivəsində Azərbaycandan olan nümayəndə heyəti ilə də görüşüb. O, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə bir araya gəlib.
Teleqraf xəbər veri ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan -Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərini, müdafiə sənayesində birgə layihələri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşün sonunda iki ölkənin müdafiə nazirləri arasında “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd, hərbi əməkdaşlığın daha da dərinləşdirilməsini və qarşılıqlı təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, “IDEF 2025” sərgisi dünya üzrə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən aparıcı dövlət və özəl qurumların iştirakı ilə keçirilir və regionun ən önəmli müdafiə platformalarından biri hesab olunur.





