Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına “CIDC-2023”ün tərəfdaş sertifikatı verilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) “Critical Infrastructure Defense Challenge 2023” (“CIDC-2023”) tədbirinin tərəfdaş sertifikatı verilib.
AKTA-dan Polise.az -a bildirilib ki, Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) adlı ikigünlük tədbir keçirilib.
Tədbir çərçivəsində müxtəlif aidiyyəti mövzular üzrə 10 təqdimat, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə 5 panel müzakirəsi keçirilib. Belə ki, “Kritik infrastrukturların mühafizəsində CERT-lərin rolu”, “Yeni nəsil kibertəhdidlər”, “İnformasiya təhlükəsizliyinə nədən başlamalıyıq?” və “Kiberhücumlardan effektiv müdafiə mümkündürmü?” mövzuları ətrafında panel müzakirələri, o cümlədən AKTA İdarə Heyətinin sədri Elvin Balacanovun moderatorluğu ilə “Kritik informasiya infrastrukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir?” adlı panel müzakirəsi aparılıb.
Tədbir zamanı Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçirilib. Kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin IT üzrə 3-5 nəfər tərkibdə 20 komandası 2 gün ərzində yarışıblar. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçirilən yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olublar.
Qeyd edək ki, tədbir çərçivəsində həm yeni başlayanlar, həm də peşəkarlar üçün 6 müxtəlif istiqamət üzrə master-klaslar keçirilib. İxtisaslaşdırılmış təlimlər yerli və xarici mütəxəssislər tərəfindən aparılıb.
Tədbirin sonunda verdikləri töhfəyə görə sponsorlara, tərəfdaşlara, təlimçi-ekspertlərə və “Kibermüharibə” yarışında iştirak edən komandalara müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “CIDC-2023” tədbiri kritik informasiya infrastrukturunun, o cümlədən dövlət orqanlarının, maliyyə və telekommunikasiya sektorunda çalışan əməkdaşlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən sahə üzrə fəaliyyət göstərən mütəxəssislər, şirkət və təşkilatlar arasında şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunub.
Polise.az



