Azərbaycan olmadan və maraqları nəzərə alınmadan ABŞ-nin bölgədə təsir imkanlarının artması mümkün deyil.

Amerika tərəfindən Azərbaycanın bölgədəki rolunun etiraf olunması pozitiv bir hadisədir. ABŞ səfirinin də Şuşaya səfər etməsi artıq onu göstərir ki, Amerika Güney Qafqazla bağlı siyasətində müəyyən korrektələr edərək proseslərə daha real yanaşmaq məcburiyyətində qalıb. Eyni zamanda Azərbaycanın xüsusi əhəmiyyətə malik olduğu qəbul edilir. Bunlar müsbət hallardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan olmadan və maraqları nəzərə alınmadan ABŞ-nin bölgədə təsir imkanlarının artması mümkün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, ABŞ bölgədə Rusiyanı sıxışdırmaqla bağlı müəyyən cəhdlər edir:

“Eyni zamanda özünün gələcək planlarında Orta Asiyaya çıxış edərək Çin və Rusiyaya qarşı müəyyən bir plasdarm əldə etmək istəyir. Bu baxımdan Amerikanın Mərkəzi Asiyadakı maraqların həyata keçməsi həm də Azərbaycanla bağlıdır. Azərbaycanla normal münasibətlər qurulmadan bu siyasət uğur qazana bilməz. Ona görə də Amerika siyasətində müəyyən korrektlər etməyə çalışır. Zəngəzur dəhlizi getdikcə daha çox böyük əhəmiyyət kəsb etməyə başlayıb. Amerikanın əsas tərəfdaşları olan Avropa ölkələri Asiya ilə əlaqələrin qurulmasında və yüklərin daşınmasında istifadə olunan nəqliyyat dəhlizləri ilə bağlı problemlər yaşayır. Ukrayna müharibəsindən dolayı Rusiyadan keçən dəhliz artıq fəaliyyət göstərmir. Cənubdan Süveyş boğazı ilə daşınan yüklər artıq problemlərlə üzləşir. Belə ki, Yaxın və Orta Şərqdə İsrail-HƏMAS savaşından dolayı Yəməndəki qiyamçı husilər Qırmızı dənizdən keçən yük gəmilərinə problemlər yaradır.

Eyni zamanda Avropanın Asiya ilə əlaqələrində ciddi problemlər yaranmaqdadır. Avropada yükdaşımalarda yüklərin həcmi və eyni zamanda onların daşınma xərclərinin artması ilə bağlı problemlər yaşanır. Bu da Amerikaya alternativ əməliyyatlar üzrə düşünməyə vadar edir. Keçən il sentyabrda ABŞ-nin Hindistanı Avropaya bağlayacaq dəhliz təşəbbüsü oldu. O dəhliz Hindistan, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail üzərindən keçməklə Avropaya çıxış əldə olunması üçün düşünülürdü. Yaxın Şərqdəki proseslərdən dolayı bu dəhliz də ciddi şəkildə təhlükə altına düşdü. Bunun reallaşması hələ uzun zaman aparacaq. Bu baxımdan orta dəhliz ciddi əhəmiyyət kəsb etməyə başlayıb. ABŞ özünün Avropadakı tərəfdaşlarının iqtisadi cəhətdən daha az zərər görməsi üçün bu dəhlizin açılmasında maraqlıdır. Bu dəhlizin əsas komponenti və coğrafiyası Azərbaycandan keçir. Azərbaycan hazırda müasir kommunikasiya sistemi ilə diqqət çəkir. Həm özünün yerləşdiyi coğrafiya baxımından, həm də hazır infrastrukturlar baxımından ABŞ bu amilləri də düşünürəm ki, nəzərə almaqdadır. ABŞ-nin bu gerçəklikləri görməsi də şərt idi. Bu, yavaş-yavaş Amerika siyasətində müəyyən korrektlərə gətirib çıxarmalıdır”.

Politoloq bildirib ki, Amerika prinsipcə keçən ilin sonunda Senatda keçirilən dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın dili ilə öz mövqeyini ifadə edib:

“Belə ki, Obrayn o zaman da Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünü söyləməklə bunun yalnız və yalnız Ermənistanın şərtləri əsasında açılacağını söyləmişdi. O zaman Azərbaycanın İranla arasında anlaşmaya da təhdidvari münasibət bildirmişdi. Müəyyən dəyişikliklər olub. Amma Amerikanın düşünmürəm ki, Zəngəzur dəhlizinin iş rejimi ilə bağlı siyasətində hələlik hansısa prinsipial, əsaslı dəyişiklik olsun. Müəyyən korrektələr ola bilər. ABŞ-nin hələlik mövqeyi dəhlizin tam şəkildə Ermənistanın suverenliyi altında və yol prinsipi ilə açılmasını özündə ehtiva edir. Azərbaycan isə bununla razı deyil. Belə ki, Azərbaycan Naxçıvana hərəkət üçün maneə olmamasını tələb edir. Bu da üçtərəfli bəyanatın doqquzuncu maddəsinə uyğun olan yanaşmadır. Hesab edirəm ki, ABŞ Ermənistana təzyiq etməklə üzərinə götürdüyü bu öhdəliyin yerinə yetirilməsini təmin etməlidir. Amma hazırda Amerikanın bu baxışında kardinal dəyişiklik baş verməyib. Sadəcə olaraq Amerika yaranmış şəraitdə sülhün əldə olunmasını və bunun maraqlarına uyğun olduğunu ifadə edir. Çünki sülh müqaviləsinin imzalanması Rusiyanın bölgədəki təsir imkanlarının azalması demək olacaq. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiyanın da maraqları var. Üçtərəfli bəyanata görə, burada təhlükəsizliyə və hərəkətə nəzarət Rusiyaya həvalə olunub. Ermənistan isə təhlükəsizliyi təmin etməlidir. Azərbaycanda maneəsiz keçid əldə etməlidir. Bu baxımdan ABŞ Azərbaycanın bu tələblərini qəbul etdikdən sonra müəyyən dəyişikliklərin olduğunu söyləmək olar. Hələlik biz Amerikanın bu məsələdə baxışlarında kardinal dəyişiklikləri görmürük. Müəyyən kiçik belə korrektlər var, amma hələlik kardinal dəyişiklik olduğunu düşünmürəm”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button