“Azərbaycan ordusu bir nömrəli hazırlıq vəziyyətindədir” – Tovuz hadisələrinin qisası Qarabağda alınacaq

Tovuzda baş verən hadisələrdən 40 gündən artıq bir zaman keçir. 11 hərbi qulluqçumuzun bir neçə gün öncə 40 mərasimi də təşkil olundu.

Cəmiyyət olaraq hələ də bu hadisənin qisası ilə yaşayırıq. Biri general olmaqla yüksək rütbəli zabitlərimizin erməni təxribatları nəticəsində şəhid olması ilə barışmaq mümkün deyil. Bunun qisası isə yalnız Qarabağın işğaldan azad edilməsi ilə mümkündür…

Ölkədə hər kəsdə müharibə əhval-ruhiyyəsi var və hər kəsin gözü, qulağı cəbhədədir.

Bu arada – avqustun 23-də növbəti erməni təxribatının qarşısı Goranboy istiqamətində uğurla alındı. Erməni kəşfiyyatının komandiri hərbçilərimiz tərəfindən ələ keçirildi, düşmən itkilər verərək geri çəkilməyə məcbur oldu.

Cəbhənin müxtəlif istiqamətlərində də erməni təxribatları baş verib. Son bir neçə gündür ermənilər Tovuz rayonun Ağdam, Əlibəyli kəndləri istiqamətlərində yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

Bütün bu baş verənlərin fonunda Azərbaycan hansı davranışı sərgiləməlidir? Öz torpaqlarını necə işğaldan azad etməlidir? İndiki yaranmış vəziyyətdə beynəlxalq şərtlər Azərbaycana müharibə başladıb öz torpaqlarını azad etməyə fürsət yaradırmı?

Tovuz hadisələrini cəbhə bölgəsində yaxından izləyən, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu mövzu ilə bağlı fikrilərini bölüşərkən dedi ki, Tovuz hadisələri Azərbaycanın Ermənistan və onun himayədarlarının provokasiyalarına qarşı dürüst siyasətini bir daha dünyaya sübut etdi: “Tovuz döyüşləri Azərbaycanın həm cəbhələrdə, həm də beynəlxalq miqyasda mövqelərini möhkəmləndirdi. Azərbaycanı haqlı savaşında daha da haqlı vəziyyətə çıxardı. Həm regional, həm də geopolitik planda böyük üstünlüklər qazandırdı. Və hətta Rusiyanın ermənipərəst xarici işlər nazirinin etirafları Azərbaycanın provokasiya ilə üzləşdiyini və bu təxribatı necə doğru bir qaydada dəf etdiyini, Azərbaycanın doğru, dürüst bir siyasət yürütdüyünü ortaya çıxartdı”.

Rauf Arifoğlu: “Tovuz iyulun 12-dən bu günə kimi ən sakit gününü ...

Rauf Arifoğlunun fikrincə beynəlxalq şərtlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə imkan versə də Rusiya amili hələki buna mane olur: “Formal beynəlxalq şərtlər Azərbaycanın Dağlıq Qarabağda, işğal altında olan torpaqlarda dərhal əməliyyata başlamasına və öz ərazisini işğalçılardan təmizləməsini şərtləndirir və bütün imkanları yaradır. İstər BMT-nin məlum qərarları, istər beynəlxalq hüquqa söykənən vəziyyət, istərsə də Azərbaycanın indiki hərbi üstünlüyü imkan yaradır ki, Azərbaycan öz torpaqlarında təmizləmə əməliyyatı aparsın. Buna formal olaraq kiminsə etiraz etməsi qeyri-mümkündür. Amma dünya yalnız qanunlarla, formallıqla və hüquqi əsaslarla idarə olunmur.

Həm xristian qrupunun aktiv ölkələri, həm də xüsusilə Rusiya Azərbaycanın öz torpaqlarında haqq-ədaləti və suveren hüququnu bərpa eləməyə imkan vermir.

Açıq deyək ki, Rusiya amili olmasa, Azərbaycan bir həftəyə Dağlıq Qarabağda vəziyyəti ələ ala bilər və müharibənin taleyini dəyişə bilər. Amma Tovuz hadisələrində gördük ki, Rusiya balansı ermənilərin xeyrinə dəyişmək üçün hansı oyunlardan, əməllərdən çıxdı. Serbiya vasitəsi ilə silahların Gürcüstan üzərindən Ermənistana gətirilməsinə cəhd edildi. Daha sonra Gürcüstan icazə vermədiyi üçün 2035 kilometr yolu uzadaraq Türkmənistan, Qazaxıstan və İrandan keçərək İrəvana 400 ton mühafizə tipli, daha çox elektronik silahların çatdırılması prosesi getdi.

Yəni biz görürük ki, Rusiya istər-istəməz bütün vasitələrlə Ermənistanın maraq mənafelərini və hərbi çıxarlarını müdafiə etməkdədir. Rusiya regionda böyük gücdür. Bu güclə hesablaşmaq məcburiyyətindəyik. Rusiya elə bir gücdür ki, bəzi hallarda bir başqa dövlətin ərazisini belə işğal etməkdən çəkinmir. Məsələn, Ukraynanın. Ukraynada həm Krımı işğal elədi, həm də Ukrayna ərazisində başqa bir respublika yaratdı. Öz suverenliyini bərpa etmək istəyən Gürcüstanı az qala işğal altına alacaqdı və Tiflisin 40 kilometrliyinə qədər gəldi. Rusiya amili bizə imkan vermir. Bu amil üzərində işləmək lazımdır və eyni zamanda da erməni provokasiyalarına hazır olmaq lazımdır”.

Rauf Arifoğlunun Azərbaycan ordusunun bir nömrəli hazırlıq vəziyyətində olduğunu da açıqlayıb:

“Mənim bildiyim qədər Azərbaycan ordusu bir nömrəli hazırlıq vəziyyətindədir. Və hər an Qarabağda hərbi əməliyyatlar başlaya bilər. Eyni zamanda həm qardaş, həm də NATO ölkəsi olan Türkiyənin addımları və davranışları onu göstərdi və dünyaya açıq bir mesaj verdi ki, savaş başlasa, Türkiyə bizim yanımızda olacaq.  Ən önəmlisi isə bunu məşq etmək oldu. Türkiyə ordusunun Azərbaycana gəlişi və olası təmizləmə əməliyyatlarının, müharibənin məşqini bir yerdə etdik. Artıq kommunikasiya, şərait və hər cür şərtlər buna hazırlanıb. Bu, Azərbaycanın haqqıdır və tez-gec baş verəcək. Mən əminəm ki, ən qısa zamanda Rusiya amili də bu məsələdə neytrallaşdırılaraq Azərbaycanın Qarabağda əməliyyatlara başlamasına imkan yaranacaq.

Tovuzda şəhidlərimizin qanı boşuna tökülmədi, boşuna şəhid vermədik. Lavrovun da dediyi kimi, ermənilər enerji axın xətlərinə basqın etmək, yüksəkliyi tutmaq fikrində idilər və belə provokasiya yaratdılar. Azərbaycan nəinki bu provokasiyanın öhdəsindən gəldi, hətta Rusiyanın planlarını ifşa eləməyi bacardı. Və özünü Tovuz döyüşlərindən əvvəl olan dramatik və hərbi vəziyyətdən daha yaxşı bir vəziyyətə gətirə bildi. Həm diplomatik planda, həm də hərbi planda üstünlüyünü bir daha göstərdi”.

Elxan Şahinoğlu: “Zelenski Türkiyə ilə sıx münasibətlərə üstünlük ...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Musavat.com-a açıqlamasında bildirib ki, beynəlxalq şərtlər Azərbaycan torpaqlarının geri qaytarılmasına mane olmur.

Onun fikrincə, torpaqlarımızı geri qaytarmaq üçün hərbi hazırlıqla yanaşı informasiya işini də gücləndirməliyik:

“Çünki, hərbi əməliyyat nə zamansa başlasa dünyadakı erməni lobbisi haray-həşir salmağa çalışacaq ki, guya Azərbaycan bölgədə “etnik təmizləmə” həyata keçirir. Dünyada erməni lobbisinin təsiri altında olan güclər var. Ona görə də həm erməni lobbisinin, həm də həmin güclərin yalan xəbərlərini neytrallaşdırmaq üçün indidən informasiya hazırlıqlarına başlamalıyıq. Hərbi əməliyyatlarla paralel bunun dünyaya necə çatdırılmasının konsepsiyasını hazırlamalı və həyata keçirməliyik. Daha “biz də Metsamor atom elektrik stansiyasını vura bilərik” kimi səhvlər etməməliyik. Əlbəttə, bu ifadə erməniləri Mingəçevir su elektrik stansiyasının təhdidinə cavab olaraq söylənmişdi. Ancaq həmin ifadə bir neçə gün bizim əleyhimizə işlədi, dünya mətbuatı bundan yazdı, ermənilərin Mingəçevirlə bağlı təhdidləri isə yer almadı. Müharibə şəraitində belə səhvlərə yol verə bilmərik”.

Elxan Şahinoğlu deyir ki, müharibə başlayarsa, Azərbaycanın xarici ölkədəki səfirliləri və səfirlikləri üzərinə də ciddi yük düşəcək: “Təəssüf ki, keçmiş xarici işlər naziri Elmar Məmmədayrovun formalaşdırdığı diplomatik korpus informasiya savaşında, o cümlədən çalışdıqları ölkələrdə zəif idilər. Bu problemi qısa zaman kəsiyində həll etməliyik. Biz indidən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının vacibliyini də beynəlxalq aləmə anlatmalıyıq. Əlimizdə güclü arqument var: Rusiya Ermənistana tonlarla hərbi texnika daşıyır, status-kvonu uzadır. Bu arqumentdən beynəlxalq aləmlə təmaslarda istifadə etməliyik”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button