Azərbaycan Ordusu tarix yazdı: Ermənistan sülhə necə məcbur edildi? – Video

Tarixi vərəqləyəndə şahid oluruq ki, Azərbaycan uzun illər işğala, məhrumiyyətlərə məruz qalıb. Elə çox da uzaq keçmiş olmayan 1990-cı illərin əvvəllərindən ölkəmiz Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Nəticədə torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycana qarşı belə təcavüzkar siyasət BMT nizamnamələrinin kobud şəkildə pozulması idi. Ancaq Ermənistan hesab edirdi ki, ərazilərimizi istədiyi kimi işğal edə, özgə torpaqlarını mənimsəyərək özününküləşdirə bilər.
Polise.az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində qeyd olunur.
“Gözü dönən işğalçılar bu yolda tarixi saxtalaşdırmaqdan, vandalizm aktları törətməkdən çəkinmədilər. 30 il boyunca danışıqlar aparıldı ki, Ermənistan destruktiv mövqeyindən əl çəksin. Ancaq gözləntilər nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri də qulaqardına vuruldu. Lakin xalqımızın müstəqillik əzmi sarsılmamışdı.
Qələbəyə inancı tam idi. Çünki xalq əmin idi ki, insanlıq əleyhinə cinayətlər, şəhər və kəndlərimizin viran edilməsi cavabsız qalmayacaq. Hətta 2023-cü ilin yayında Ermənistan Qərblə birləşib, Qarabağda guya aclığın, humanitar fəlakətin olması ilə bağlı saxta kampaniyaya başladı. Ermənistan hakimiyyətinin nümayəndələri anlamadılar ki, 1990-cı illərdən fərqli Azərbaycanla üz-üzədirlər. Buna baxmayaraq, Vətən müharibəsindən sonrakı üç il ərzində danışıqlar prosesində İrəvan səmimi olmadı”, – müəllif bildirir.
“Qarabağ əhalisinin hüquq və azadlıqları kimi məsələni irəli sürərək ərazi bütövlüyünün bərpasına mane olmağa çalışdılar. Lakin artıq yaranan reallıq bir daha dəyişməyəcək qədər güclü bərqərar edilmişdi. Bəli, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdik. 2023-cü il sentyabrın 19-da Qarabağ torpaqlarında Ermənistanın tör-töküntülərinin, separatçı qüvvələrin törətdiyi genişmiqyaslı təxribatların qarşısı da uğurla alındı və Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edilərək torpaqlarımızdan tamamilə çıxarıldı.
Nəzərə almaq lazımdır ki, 2023-cü il sentyabrın 2-də Nikol Paşinyan Ermənistanın təcavüzü nəticəsində yaradılmış qondarma rejimin müstəqillik bəyannaməsinin qəbulu günü ilə bağlı təbrik müraciəti ünvanlamışdı. Ardınca qondarma rejimin rəhbərliyində “seçki” keçirildi. Bu isə Praqada əldə olunmuş razılıqla tam ziddiyyət təşkil edirdi. Qarşı tərəfin təzadlı söz və davranışları Qarabağda xüsusi əməliyyatların aparılmasını zəruri edirdi.
Beləliklə, cəmi 23 saat davam etmiş əməliyyatlar parlaq qələbə ilə nəticələndi. Yalnız bundan sonra Nikol Paşinyan sülhə məcbur edildi və real sülh üzrə danışıqlar başladı. Beləcə, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı. İşğalın davam etdirilməsi üçün sona qədər çalışan Ermənistanın iradəsi tamamilə qırıldı. Bu gün isə Azərbaycanın dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır”, – materialda vurğulanır.



