Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

Polise.az  xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərinin sakinləri ilə söhbət etdi:

Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.

Sakinlər: Yaşasın Azərbaycan xalqı!

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Sakinlər: Əla.

Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:

“Yolun qarasında sına bəxtini,

Yolun adı elə ağdı Səninçün,

Şuşaya yolları sən dolanmasan,

Bu dünya ömürlük dağdır Səninçün”.

Şükür ki, bu yolu dolandıq.

Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız burada, hər şey yaxşıdır?

Sakinlər: Allaha şükür.

Prezident İlham Əliyev: Allaha şükür.

Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.

Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

Rəssam Rövşən Bayramov: Var, var.

Qadın sakin: Buyurun, baxın.

Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

Rəssam Rövşən Bayramov: Bəli.

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?

Sakin: Merdinli məhəlləsidir.

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

Şuşalı qız: Necəsiniz?

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

Prezident İlham Əliyev: Olar, əlbəttə.

Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın açarını bu qıza təqdim etmişdilər.

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.

Prezident İlham Əliyev: Sağ ol, qızım.

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol.

x x x

Dövlətimizin başçısı Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.

Prezident İlham Əliyev: Salaməleyküm.

Prezident Sadır Japarov: İlham Heydər oğlu, Sizi görməyə şadam.

Prezident İlham Əliyev: Salam, şuşalılar Sizi salamlayırlar. Bizim qardaşımız, Qırğızıstan Respublikasının Prezidenti.

Kişi sakin: Yaşasın Turan! Yaşasın Türk dünyası!

x x x

Sonra Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Dövlət başçıları Şuşa şəhərini gəzdilər.

Qonaqlara yeni Şuşa məscidinin layihəsi barədə məlumat verildi.

Bildirildi ki, qədim Şuşada təməli qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək. Yeni məscidin təməlini 2021-ci il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qoyublar.

Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Aşağı Gövhər Ağa məscidində oldular.

Məlumat verildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalan Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri artıq başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn bu məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib, məscid vandalizmin qurbanına çevrilib. 2021-ci ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa işlərinə başlanılmışdı. Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscidin divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının da dağıntılarının bir qismi konservasiya olunub.

Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları sonra Cıdır düzünə gəldilər.

Qeyd olundu ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

18:51

Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.

Polise.az  xəbər verir ki, məlumatı Prezdentin Mətbuat Xidməti yayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button