Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də Şuşada, Cıdır düzündə növbəti konsert proqramları ilə davam edib.

Polise.az  xəbər verir ki, açıq səma altında qurulmuş səhnəyə bu dəfə Azərbaycanın, Özbəkistanın və Qvineyanın ritm ustaları çıxıblar.

Azərbaycanın Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun konserti rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib. Qrup “Qaytağı”, “Qaval rəqsi”, “Bir qəlbdə iki ruh” və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələri ifa edib.

“Natiq” ritm qrupu 2001-ci ildə Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər yaratmaq məqsədilə yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi də fəaliyyət göstərir. “Natiq” ritm qrupu 2011-ci ildə Koreya Respublikasında Dünya Ritm yarışmasında “Dünya Qran Pri”sini qazanıb. Qrup ABŞ, Almaniya, Avstriya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya Respublikası, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.

Konsertdə “Natiq” ritm qrupu ilə yanaşı, Özbəkistanın Əməkdar artisti Abbos Qasımovun rəhbərlik etdiyi “Abbos” qrupu və Qvineyadan gəlmiş məşhur ritm ustası Abubakar Silla bir-birindən maraqlı, yaddaqalan nömrələr təqdim ediblər.

Əvvəlcə Natiq Şirinov və Abbos Qasımovun təqdimatında Azərbaycan və Özbəkistan dostluğunu tərənnüm edən musiqi nömrələri səsləndirilib.

Konsert boyu Natiq Şirinov, Abbos Qasımov və Abubakar Silla eyni səhnəni bölüşüb, bir-birindən maraqlı, şux, oynaq mahnılar səsləndiriblər.

Təəssüratlarını   bölüşən ritm ustası Abubakar Silla deyib ki, “Xarıbülbül” festivalının nə qədər əhəmiyyətli olduğunu səhnəyə çıxarkən bir daha hiss edib. “Festival xoş təsir bağışladı. “Natiq” ritm qrupu ilə ifam zamanı onların da həyəcanını yaşadım, çox böyük ləzzət almaqla yanaşı, həm də böyük məsuliyyət daşıdım. Azərbaycandan olduqca xoş təəssüratlarla ayrılacağam və Şuşa səfərim daim yaddaşımda qalacaq”, – deyə o əlavə edib.

Qvineyalı ifaçı milli musiqimizin zənginliyindən, xalqımızın böyük qonaqpərvərliyindən, Şuşanın füsunkar təbiətindən də ürək dolusu danışıb: “Azərbaycanda olarkən bir daha əmin oldum ki, bizdəki kimi, burada da milli musiqiyə xüsusi həssaslıqla yanaşırlar. Bu, məni olduqca məmnun etdi. Çünki hər bir millət öz milli köklərinə bağlı olanda ona dünyada da sevgi və hörmətlə yanaşırlar”.

Festivalın ikinci gününün son konsertinin yekun nömrəsi isə peşəkar ritm ustalarının təqdimatında milli “Yallı” rəqsinin səsləndirilməsi oldu. Bu ifanın sədaları altında bütün iştirakçılar bir daha xalqımızın həmrəyliyini, birliyini, sülhsevərliyini nümayiş etdirərək əl-ələ tutub rəqs etdilər. Bu, bir daha göstərdi ki, “Yallı” xalqı sülhə səsləyən musiqisi, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çıxarır. Yallı təkcə musiqi və rəqs növü deyil, o, qədim Türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və xalqımızın azərbaycançılıq simvoludur.

Qeyd edək ki, Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına mayın 13-də Laçın şəhərində yekun vurulacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button