Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

Abşeron rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib.

Polise.az  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və xidmət zamanı həlak olmuş polislərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan polisinin şərəfli tarixinə və əzmkar fəaliyyətinə həsr edilmiş sənədli videoçarx nümayiş olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan polisinin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlı olduğunu, müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayan A.Fərzəliyev qeyd edib ki, 106 yaşını qeyd edən Azərbaycan polisinin inkişafı və bugünkü nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, maddi-texniki bazasının güclənməsi, peşəkar kadrların hazırlanması və irəli çəkilməsi həyata keçirilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycan polisinə daim diqqət və qayğı göstərir. Azərbaycan polisi hazırda güclü maddi-texniki bazaya malik olmaqla yanaşı, ölkəmizdə ictimai asayişin qorunmasında xüsusi rol oynayan hüquq-mühafizə strukturlarından birinə çevrilib. Əldə olunan bu inkişafın nəticəsidir ki, respublikamızda kriminaloji durum nəzarət altında saxlanılır, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görülür.

Abdin Fərzəliyev əlavə edib ki, Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub və bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirməkdədir. Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində Silahlı Qüvvələrimizlə çiyin-çiyinə döyüşən Azərbaycan polisi Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalaraq, vəzifə borclarını sona qədər yerinə yetiriblər.

Sonra Abşeron Rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov hesabat xarakterli çıxış edib. Azərbaycan polisinin şərəfli tarixindən, o cümlədən Abşeron polisinin fəaliyyətindən və gördüyü işlərdən söz açıb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov çıxış edərək bildiriblər ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.

Daha sonra Xalq artistlərinin və sevilən incəsənət xadimlərinin iştirakı ilə bədii hissə təqdim edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button