“Azərbaycan təhsil sistemində bu gün ən böyük risk təcrübənin sistemdən kənarlaşdırılmasıdır…”

“Rəqəmsallaşma və sürətli texnoloji dəyişikliklər fonunda belə bir səhv fikir formalaşıb ki, yeni texnologiya köhnə təcrübəni əvəz edir.  Bu yanaşma metodoloji səhvdir…”
“Bəzi ölkələrdə, o cümlədən bizdə də  belə bir tendensiya müşahidə olunur:  təcrübəli müəllim və alimlərin sistemdən uzaqlaşdırılır,  gəncləşdirmə adı ilə kütləvi kadr dəyişiklikləri  aparılır, təşkilati davamlılıq  pozulur…”
“Səmərəli  təhsil sistemi üçün optimal model belə:  “təcrübə+ innovasiya = davamlı inkişaf” ola bilər. Bu modeldə  təcrübə  strateji istiqamət verir,  gənclik  dinamika və enerji gətirir, texnologiya sürəti artırır…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Təcrübəsizlik təhsildə böhran yaradır” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:…
Təcrübənin inkarı təcrübəsizliyin nəticəsidir…
Müasir təhsil diskursunda ən çox istifadə olunan anlayışlar “keyfiyyət”, “islahat”, “innovasiya” və “gələcək”dir. Lakin bu anlayışların arxasında  ziddiyyətli proses gedir: sistemi formalaşdıran, onu daşıyan və keyfiyyət yaradan təcrübəli insan kapitalı tədricən sistemdən kənarlaşdırılır. Bu proses açıq konfliktlə deyil, səssiz və sistemli şəkildə baş verir. Təhsil gələcəyə yönəlir, amma gələcəyi quracaq yaddaşını  itirir.
Təcrübə fərdi bilik və sistem yaddaşıdır…  
Təcrübə yalnız fərdi bacarıq deyil. Təcrübə təşkilati yaddaş, qərarvermə hissiyyatı (intuisiyası), səhvlərdən çıxarılan nəticələr, qeyri-formal biliklərin sintezidir.  Bu baxımdan təcrübə sistemin “görünməyən infrastrukturu”dur. Onun itirilməsi fiziki resurs itkisi kimi tez hiss olunmur,  amma  uzunmüddətli sistem pozuntuları yaradır.
Təcrübə “köhnəlmir”… 
Rəqəmsallaşma və sürətli texnoloji dəyişikliklər fonunda belə bir səhv fikir formalaşıb ki, yeni texnologiya köhnə təcrübəni əvəz edir.  Bu yanaşma metodoloji səhvdir. Çünki, texnologiya alətdir, təcrübə isə qərar mexanizmidir.
Data bolluğu şərh qabiliyyəti olmadan dəyərsizdir… 
Süni intellekt  özü  də təcrübə ilə qurulmuş modellərə əsaslanır. Problem təcrübənin köhnəlməsi deyil, onun idarə olunmamasıdır…
Təhsildə kadr siyasətinin  böhranı…   
Bəzi ölkələrdə, o cümlədən bizdə də  belə bir tendensiya müşahidə olunur:  təcrübəli müəllim və alimlərin sistemdən uzaqlaşdırılır,  gəncləşdirmə adı ilə kütləvi kadr dəyişiklikləri  aparılır, təşkilati davamlılıq  pozulur. Bu proseslərin nəticəsində elm və təhsilin zəif səviyyəsi daha da zəifləyir, fragmentasiya xarakteri alır, elmi məktəblər  dağılır, qərarvermədə qeyri-sabitlik yaranır.  Bütün bu proseslər, islahat adı ilə təqdim edilir, qanuniləşdirilir.
Yetkinlikdən imtina  sindromu…  
Yetkinlikdən imtina etməklə, gələcəyi   qurmaq mümkün deyil.   İstənilən sistemin inkişafı yaddaş ilə yeniliyin balansına əsaslanır. Yaddaşın itirilməsi, sistemi yeniliklərdən  uşaqlaşdırır,  eyni səhvlərin təkrarına səbəb olur.  Yəni, təcrübənin inkarı, inkişaf  yox, geriləmədir…
Təcrübənin itirilməsi iqtisadi itkidir…   
Təcrübənin inkarı təkcə  pedaqoji  problem deyil, həm də iqtisadi problemdir. Belə ki, səhv qərarlar artır, resurs itkisi olur. Uğursuz islahatlar maliyyə səmərəsizliyinə, insan kapitalının tənəzzülünə səbəb olur.  Beləliklə,  təcrübənin nəzərə alınmaması nəticəsində sistem  eksperimental  hal alır, səhvlər edilir, resurs itirilir.
Sintez yanaşması  alternativ modeldir… 
Səmərəli  təhsil sistemi üçün optimal model belə:  “təcrübə+ innovasiya = davamlı inkişaf” ola bilər. Bu modeldə  təcrübə  strateji istiqamət verir,  gənclik  dinamika və enerji gətirir, texnologiya sürəti artırır. Əsas məsələ isə bu üç elementi qarşı-qarşıya qoymaq deyil, onları düzgün inteqrasiya etməkdir.
Transformasiya və təcrübə…
Dünyada  bu gün baş verən  mürəkkəb hərbi, siyasi, iqtisadi proseslər,  ölkəmizdəki transformasiya prosesləri, postneft erasına keçid, “Zəfər” sonrası həll edilməli məsələlər  və onların unikallığı,  Qarabağda yenidənqurma  işləri v.s. bir çox sahələrdə  peşəkar təcrübənin  əhəmiyyətini daha da artırır. Bu mərhələdə bir  çox məsələlər sıfırdan qurulur, səhv etmək baha başa gəlir, resurslar isə məhduddur.  Belə mühitdə təcrübənin rolu ikiqat artır. Çünki buradakı  səhv texniki deyil, strateji nəticələr doğura bilər…
Təcrübə təhsil üçün vacibdir…
Təhsil sistemində bu gün  ən böyük risk innovasiya çatışmazlığı deyil.  Əsas  risk təcrübənin sistemdən kənarlaşdırılmasıdır.  Amma təcrübə  səhvlərin qarşısını alan əsas mexanizm,  davamlılığın təminatı,  gələcəyin yol xəritəsidir.   Təcrübənin lazımsız sayıldığı yerdə uğurlu  gələcək qurula bilməz, sadəcə keçmiş səhvlər təkrarlana bilər. Bu isə vaxt, maliyyə və digər resursların itkisi, bahalı səhvlərin təkrarlanmasıdır…
Dosent İlham Əhmədov”
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button