“Azərbaycan Ticarət Evi” Doha şəhərində ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisini təşkil edib

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Qətərdəki səfirliyin dəstəyi ilə Doha şəhərində “Azərbaycan Ticarət Evi” tərəfindən ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisi təşkil olunub.

Səfirlikdən Polise.az -a bildirilib ki, sərgiyə gələn xarici qonaqlara Azərbaycandan gətirilmiş məhsullar, o cümlədən meyvə şirələri, “Sirab” mineral suları, sərinləşdirici içkilər, mürəbbə, şirniyyat, müxtəlif çay çeşidləri, zəfəran, narşərab, biskvit məhsulları, şəkərbura və paxlava, mövsüm meyvələri, quru meyvələr, konservləşdirilmiş ərzaq məhsulları hədiyyə edilib.

Qonaqlara Azərbaycanın müxtəlif regionlarında yetişdirilən kənd təsərrüfatı məhsulları, onların keyfiyyəti barədə məlumat verilib.

Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev və Qətərin ətraf mühit və iqlim dəyişiklikləri naziri Abdullah bin Abdulaziz bin Turki Al Subai, Qətərdə akkreditə olunan xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri sərgini ziyarət ediblər.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin ortaq sahiblərindən və əsas investorlarından biri iş adamı Adnan Əhmədzadədir. Ticarət Evinin müdiri isə Qətərdəki azərbaycanlı iş adamı Xəyal Qayıbovdur.

X.Qayıbov məlumat verib ki, Qətərin “Lulu”, “Carrefour”, “Monoprix”, “Al Baladi” kimi nəhəng marketlər şəbəkəsi ilə danışıqlar aparılıb və yaxın həftələrdə müxtəlif çeşiddə Azərbaycanda istehsal olunan ərzaq və kənd təsərrüfatı mallarının həmin marketlərdə satışı həyata keçiriləcək. “Azərbaycan Ticarət Evi” Qətərə məhsul ixrac etmək niyyətində olan Azərbaycan şirkətlərinə lazımi dəstək verməyə hazırdır.

Qeyd edək ki, Xəyal Qayıbov, həmçinin Körfəz Ərəb dövlətləri üzrə “Azərbaycan Ticarət Evi”nin müdiridir. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığında da açılması nəzərdə tutulur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button