Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı
Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.
İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib:
“Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.
Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır. O, bildirib:
“Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir”.
Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib:
“Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.
Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
“Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.