Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər
Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.
Məlumat verildiyi kimi, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Təhvilvermə prosesində hər hansı insident baş verməyib.
Polise.az