Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı planlaşdırır
Azərbaycan və Qazaxıstan terror və ekstremist təşkilatlar haqqında hərbi kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirməyi planlaşdırır.
Polise.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan və Azərbaycan arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi avqustun 6-dək davam edəcək.
Layihəyə əsasən, tərəflər, həmçinin müdafiə nazirliklərinin şəxsi heyəti üçün birgə döyüş hazırlığı tədbirləri keçirmək niyyətindədirlər.
“Mübahisə və fikir ayrılıqları heç bir milli, beynəlxalq məhkəmə və ya üçüncü tərəfə təqdim edilmədən ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir”, – saziş layihəsində bildirilib.
Hərbi kəşfiyyata dair saziş 5 il müddətinə bağlanır.
Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub.
İkitərəfli müqavilə-hüquq bazasına əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 70-ə yaxın sənəd daxildir.
Hər iki ölkə BMT, MDB, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.
Polise.az