Azərbaycan və Səudiyyə Ərəbistanı arasında “yaşıl enerji” istiqamətində əməkdaşlığın perspektivləri müzakirə edilib
İyunun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Nazirlər iki ölkə arasında dost münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.
Nazirlər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və sair sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildiriblər.
Ceyhun Bayramov postmünaqişə dövründə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla çirklənmənin mümkün mənfi təsirlərinin aradan qaldırılması və ölkəmizin minatəmizləmə fəaliyyəti istiqamətində göstərilən 3 milyon ABŞ dolları məbləğində dəstəyə görə minnətdarlıq bildirib.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib, ölkələrimiz arasında yaşıl enerjiyə keçid istiqamətində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdıraraq, bu mübarək bayramın sülh, birlik və əmin-amanlıq gətirməsini diləyiblər.
Polise.az