Azərbaycan və Serbiya energetika sahəsində mühüm sənədlər imzalayacaq
Sabah Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənilir.
Polise.az-n əldə etdiyi məlumata görə, sənədlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç arasında Bakıda baş tutacaq görüş çərçivəsində imzalanacaq.
Bunlar, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin SOCAR və “Srbijagas” şirkəti arasında qaz satışı müqaviləsidir.
Məlumatı “Report”a Energetika Nazirliyindən təsdiq ediblər.
Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb.
Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək.
Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.
Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.
Polise.az