Azərbaycan və Türkiyə arasında mühüm anlaşma

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirələrdən sonra qəbul edilib. Layihəni Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov təqdim edib, sənədin əməhiyyətindən danışıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq üzrə mövcud hüquqi baza çərçivəsində, 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” hazırlanıb.
Protokol Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edir. Hazırkı Nümunəvi Nizamnamə isə həmin Protokolun icrası məqsədilə qəbul edilən törəmə hüquqi sənəd olmaqla, Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivəni müəyyən edir.
Nümunəvi Nizamnamə Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir. Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulmuşdur.
Nizamnamədə birbaşa tənzimlənməyən məsələlərin 2021-ci il 19 fevral tarixli Protokola, habelə tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həll edilməsi nəzərdə tutulur. Müvafiq peşə təhsili müəssisələrinin nizamnamələri tərəflərin razılığı əsasında hazırlanır və Azərbaycan tərəfdən qüvvədə olan qaydalara uyğun olaraq təsdiq edildikdən sonra tətbiq edilir.
Nümunəvi Nizamnamə yeni hüquqi öhdəlik yaratmır, mövcud beynəlxalq müqavilə – 2021-ci il tarixli Protokolun praktiki icrasını təmin edən tətbiqi xarakterli sənəd kimi çıxış edir və Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin fəaliyyətinin sistemli və vahid əsaslarla təşkilinə xidmət edir.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında deyib ki, Türkiyə məktəblərinin Azərbaycanda fəaliyyəti artıq reallıqdır və bu əməkdaşlıq çərçivəsində 100-dən artıq müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən təhsillə bağlı müqavilələr imzalanıb: “Bu da göstərir ki, Türkiyə ilə təhsil sahəsində əlaqələr xüsusi əhəmiyyət kəsb edir”. Hazırda Azərbaycanda müxtəlif ölkələrin, – Avropa dövlətlərinin, Rusiyanın məktəbləri fəaliyyət göstərdiyini deyən komitə sədri Türkiyə məktəblərinin fəaliyyətinin də burada xüsusi yer tutmalı olduğunu bildirdi. S. Novruzov Azərbaycanlı tələbələrin Türkiyədə, Türkiyəli tələbələrin isə Azərbaycanda müxtəlif ixtisaslar üzrə – xüsusilə neft sənayesi, hərbi və tibb sahələrində – təhsil almaları olduqca vacibliyini vurğulayıb: “Biz çalışmalıyıq ki, bu cür təhsil mübadiləsi genişlənsin və məzun olan tələbələr öz fəaliyyətlərini Azərbaycanda davam etdirsinlər. Bu təkcə dil baryerinin aradan qaldırılması baxımından deyil, eyni zamanda ortaq milli-mənəvi dəyərlərin təşviqi baxımından da mühümdür”.\E.Paşasoy,Musavat.com\
Polise.az




