Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşünün nəticələri – Ekspert şərhi
“Mövlud Çavuşoğlu Ceyhun Bayramovla Ankaradakı görüşündə maraqlı açıqlama verib. O, açıqlamasında deyib ki, bu il iyulun 12-də Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib, Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”.
Bunu “MediaPost”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəndən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi həmişə olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini tənqid edib:
“Ceyhun Bayramovun Xarici işlər naziri vəzifəsində ilk rəsmi səfərini Türkiyəyə reallaşdırması gözlənilən idi. Bu, strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya Xarici işlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır. Maraqlıdır ki, Mövlud Çavuşoğlu çıxışında ATƏT-in Minsk Qrupu həmsədrlərini fəaliyyətsizlikdə tənqid edərək bu sözləri deyib – “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”. Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq. Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə “bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir. Müttəfiqlik qarşılıqlı dəstəyi diktə edir. Ceyhun Bayramovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı, digər bölgələrdəki siyasətini də dəstəkləyir”.
E. Şahinoğlunun fikrincə, rəsmi Bakının sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanmasının vacibliyini bildirməsi Ankara kimi Bakının da həmsədrlərin fəaliyyətindən narazı olduğunu göstərir:
“Rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı formatının dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük ehtimalla, xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi, Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək, bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.