Azərbaycan XİN-dən Aİ rəsmisinə: Qərəzli açıqlamalar təmsil etdiyi qurumun reputasiyasına növbəti zərbədir
Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi, ilk növbədə, Avropa İttifaqı (Aİ) rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir.
“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibinin müavini Vasif Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanla bağlı verdiyi müsahibədə yer alan bəzi iddialara dair medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.
XİN rəsmisi qeyd edib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir:
“Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməniəsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır”.
Polise.az