Azərbaycanda bütün iqtisadi planlara yenidən baxıla bilər
Son 2 il bütün dünya iqtisadiyyatı üçün çətin bir dövr olub.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iqtisadiyyatların inkişafında yaranmış ləngimələr asanlıqla, ya da qısa müddətdə aradan qalxmır, bunun üçün dövlətin iqtisadi tənzimləmədə geniş və gərəkli müdaxilələrinə zərurət yaranır:
“Azərbaycan hökuməti pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi üçün istər ilkin dövrlərdə, istərsə də postpandemiya dövründə çox vacib qərarlar qəbul edib. Dövlətimiz maliyyə imkanlarından istifadə etməklə yanaşı, iqtisadi idarəetmədə qəbul olunan çevik qərarları uğurla həyata keçirməklə bu təsirləri minimallaşdırmağa nail olub.
Bu məhdudlaşmaların təsirinə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin verilməsi, ucuz dövlət kreditlərinə çıxış imkanının yaradılması, müddətli vergi güzəştlərinin təqdim edilməsi, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi kimi çox pilləli proqramlar həyata keçirilib. Bu mexanizmlərin tətbiqi pandemiya dövründə sahibkarları maliyyə iflasından qorumağa, onların ödəmə qabiliyyətlərinin, həmçinin iş yerlərinin saxlanılmasına imkan verib”.
Mikayıl Cabbarov əlavə edib ki, bütövlükdə atılan zəruri addımlar 2021-ci ildə iqtisadiyyatda bərpa proseslərinin başlanmasına gətirib:
“İstər iqtisadi göstəricilərdə, istərsə də ümumi proseslərin gedişində görürük ki, bu proses gözlənildiyindən daha sürətlə gedir. Hazırda iqtisadi artım bərpa edilib ki, bu da olduqca önəmlidir. ÜDM-in artım dinamikasında müsbət trendlər güclənməkdədir. Cari ilin yanvar-oktyabr aylarında ÜDM-in həcmində 4,9 faiz, o cümlədən qeyri-neft sektorunda 5,9 faiz artım müşahidə olunur. Tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətlənməsi nəzərə çarpır.
Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə iqtisadi artım tempinin 5 faizdən yuxarı olmasını gözləyirik. Bu, həm beynəlxalq təşkilatların, həm də bizim ilkin proqnozlarımızla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
İqtisadi artımın sürətlənməsinin əsas amillərindən biri də qeyri-neft sənayesidir. 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9 faiz civarında olub, cari ilin 10 ayında isə bu göstərici 20 faizdən çoxdur. Bu sektorda artımın əsas səbəblərindən biri sənaye zonalarının fəaliyyətidir.
Azərbaycan hökumətinin xüsusi önəm verdiyi sənaye zonaları yaxın gələcəkdə qeyri-neft sənayesinin əsas təməl və hərəkətverici qüvvəsi rolunda çıxış edəcək. Bu zonalar da istehsalın ölkə üzrə xüsusi çəkisi 2017-ci ildə mövcud olan 3,2 faizdən cari ilin cəmi 9 ayında 14,2 faizə yüksəlib. Sənaye zonalarına yatırılmış investisiyalar 6,2 milyard manat həcmindədir və burada istehsal olunan məhsulların ixracda payı sürətlə artır. Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunmuş məhsulların dəyəri 320 milyon ABŞ dollarını ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur”.
O qeyd edib ki, ümumilikdə qeyri-neft sektorunun ixrac potensialında müsbət tendensiya müşahidə olunur:
“Cari ilin 10 ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım qeydə alınıb. Bu, müstəqillik tariximizdə ən yüksək göstəricidir. Qiymətləndirmələrə əsasən 2021-ci il üzrə qeyri-neft ixracının həcmi 2,6 milyard ABŞ dolları ətrafında olacaq.
Hesab edirik ki, iqtisadiyyatın pandemiyadan əvvəlki vəziyyəti bərpa olunmaq üzrədir. Ümumiyyətlə, pandemiya mənfi təsirləri ilə yanaşı, iqtisadiyyat üçün sınaq dövrü idi. Təcrübə göstərir ki, belə kataklizmlərdən maksimum faydalanmaq, iqtisadiyyatın dirçəlişi və sürətlənməsi üçün istifadə etmək lazımdır.
Bundan başqa, Vətən müharibəsindən sonra bölgə üçün yeni geosiyasi və geoiqtisadi şərait yaranıb. Ərazilərimizin işğaldan azad edilməsi milli iqtisadiyyatımız üçün əlavə imkanlara yol açıb. Bu, yaxın gələcək üçün bizim bütün iqtisadi planlarımıza yenidən baxılmasını tələb edir. Məhz bu səbəbdən Azərbaycan postpandemiya və postkonflikt dövründə iqtisadi artımın yeni strategiyası üzərində fokuslanıb”.