Azərbaycanda generalların həbsi davam edəcək – Açıqlama

Vətən müharibəsindən xeyli əvvəl başlayan islahat dalğası əsaslı şəkildə davam edir. Lakin artıq biz vəzifədən azad edilən şəxslər arasında təkcə nazirləri, icra başçılarını yox, həm də hərbi sistemin nümayəndələrini görürük. Belə ki, hələ Qarabağ savaşı dönəmində Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən uzaqlaşdırıldığını öyrəndik. Bu gün isə Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbsi barədə məlumat yaydı.

Məsələni Yenisabah.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl diqqətə çatdırıb ki, Azərbaycanda vəzifəli şəxslərin həbs edilməsi elə də çətin deyil:

“Çünki onlara qarşı istənilən vaxt ifşaedici material tapmaq olar. İstər hərbi sistemdə çalışsın, istər məmur olsun, istər kənd icra nümayəndəsi, istərsə də nazir. Rahatlıqla ifşa etmək mümkündür. Biz bu kimi halların şahidi olmuşuq. Amma hazırki həbsin motivinin nə ilə bağlı olduğu dəqiq bilinmir. Müxtəlif versiyalar irəli sürürlər. Mənim fikrim isə belədir ki, Qarabağ müharibəsində Milli Qəhrəman Rövşən Əkbərovun fəaliyyətsizliyi oldu və bu, heç də rəhbərlik tərəfindən yaxşı qarşılanmadı. Fəaliyyətsizlik o mənada deyirəm ki, biz başqa generallarımızın-Mais Bərxudarov, Hikmət Mirzəyev və Hikmət Həsənovun ön planda olduğunu gördük, amma Rövşən Əkbərovu gözə dəymirdi. Halbuki Milli Qəhrəman statusu var. Lakin ona bu adı vətəndaş qarşıdurmasının nəticəsi olaraq verilmişdi”.

Ekspert nüharibə dövründə Rövşən Əkbərovun gözləntilərə cavab vermədiyini vurğulayıb:

“Görünür, bunun da təsiri olub. Amma bəziləri onun həbsini konkret olaraq 10-15 il əvvəl baş vermiş cinayət hadisəsi ilə əlaqələndirirlər. Əvvəldə də dediyim kimi, istənilən vaxt Azərbaycan məmuruna, hərbçisinə cinayət işi qaldırmaq mümkündür”.

Həmsöhbətimiz Milli Qəhrəmanın həbsinin onun üçün gözlənilməz olduğunu da bildirib:

“Amma müharibə təzə başlayanda Müdafiə Nazirliyində keçirilən görüşdə Prezident belə bir fikir səsələndirdi: “Bəzi əməliyyatlar ləngiyir, səbəbi isə məlum deyil”. Bu məsələlərdən çıxış etsək, daha bir neçə hərbçinin də perspektivdə həbsi mümkündür”.

Hamısını Göstər

Related Articles

Back to top button