Azərbaycanda koronavirusa görə kəndə giriş-çıxış bağlanıb? – Rəsmi
Sosial şəbəkələrdə Göyçayın Qaraməryəm kəndində koronavirus pandemiyasına görə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.
İddia edilib ki, rayonunun Qaraməryəm kəndində əhalinin 70 faizində koronavirusa yoluxma faktı aşkarlanıb və nəticədə polis qəsəbəyə giriş-çıxışı bağlayıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Göyçay rayonunun Qaraməryəm kəndinin nəzarətə götürülməsi, giriş-çıxışın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Heç bir polis postu quraşdırılmayıb. Yayılan məlumatlar yanlışdır”.
Əldə edilən məlumata görə, rayonun Qaraməryəm kəndində bir ailə koronavirusa yoluxub və həmin ailə üzvlərindən bir nəfər vəfat edib. Qohumların dəfn mərasimində iştirak etməməsi üçün həmin əraziyə nəzarət olunur.