Azərbaycanda qadın qətllərinin acınacaqlı mənzərəsi
Son zamanlar Azərbaycanda qeydə alınan qətl hadisələrinin əksəriyyəti ailə məişət zəmində baş verir. Baş verən qətllərdə qurbanlar arasında qadınlar üstünlük təşkil edir.
Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin birinci yarısında 511 qadın məişət zorakılığı zamanı zərər çəkib. Onlardan 13 qətlə yetirilib.
Ötən ilin bu dövründə isə 549 qadın məişət zorakılığı zamanı zərər çəkib. Onlardan 15 nəfəri öldürülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov açıqlamasında bildirib ki, hər ay 20-30 nəfər məişət zorakılığı ilə bağlı müraciət edir:
“Hər bir zorakılıq, qətl hadisənin başvermə səbəbləri barədə araşdırma aparılır. Eyni zamanda, bu hadisənin baş verdiyi ailələrdə azyaşlıların taleyinin həll olunması üçün müvafiq addımlar atılır.
Bilirsiniz ki, icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Zorakılıq halları ilə bağlı müraciətlər daxil olunur və tərkibində cinayət halları olarsa, hüquq-mühafizə orqanlarına yönləndirilir.
Hazırkı vəziyyətdə bizi narahat edən problemlər var. Bu yaxında komitənin təşkilatçılığı ilə sığınacaqda olan qadınlarla bağlı onlayn görüş keçirilib. Orada müəyyən olunub ki, zorakılığa məruz qalan qadınların daha çox sosial problemləri, cəmiyyətə inteqrasiyası və bir çox problemləri movcuddur”.
Komitə rəsmisi qeyd edib ki, qurumlar arasında ələqələndirmənin hazırkı vəziyyətdə artırılmasına ehtiyac var ki, bu tipli həssas məsələlərə hər qurum tərəfindən diqqət yetirilsin, problem araşdırılsın:
“Məişət zorakılığına dair Milli Fəaliyyət planı hazırlanır və bu, hökumətə təqdim olunacaq. Həmin sənəddə zorakılıq hallarının minimuma endirilməsi üçün məsələlər əsas götürülür”.