Azərbaycanda qida və içki sektorunun inkişafına dəstək mexanizmləri müzakirə olunub
Azərbaycanda qida və içki sektorunun inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, müzakirələr nazir Məcnun Məmmədovun “Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası” (AQİSA) İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşündə baş tutub. Görüşdə nazirliyin rəhbər şəxslərinin və ölkənin aparıcı qida və içki istehsalı şirkətlərinin rəhbərləri iştirak edib.
Nazir bildirib ki, qida və içki sənayesində çalışan şirkət və sahibkarların vahid assosiasiyada birləşməsi bu sahənin inkişafına müsbət təsir göstərən amillərdir. Qida istehsalının ölkənin ərzaq təhlükəsizliyinin tərkib hissəsi olduğunu xatırladan nazir ölkəmizdə bu sahədə yürüdülən dövlət siyasəti, dəstək mexanizmləri, ixracın təşviqi, sahibkarlara güzəştlər və başqa məsələlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Assosiasiyanın iştirakını xatırladan nazir AQİSA-da təmsil olunan şirkətlərin yerli və beynəlxalq sərgilərdə davamlı iştirakının vacibliyini vurğulayıb.
Assosiasiyanın İdarə Heyətinin sədri Emin Dostiyari rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, əsas məqsəd qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaqdır. Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən qida və içki istehsalı üzrə ixtisaslaşmış sənayeçilərin, pərakəndə satış, idxal və ixracla məşğul olan sahibkarların birləşdiyini deyən E.Dostiyari, əsas missiyalarının ölkənin iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını və innovasiyaları təşviq etmək olduğunu bildirib.
Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi, ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.
Polise.az