Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.

“Report”un müxbirinin məlumatına görə, səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, “Suqovuşan” istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş “Yuxarı Vəng” su elektrik stansiyasında olub.

Kəlbəcər rayonunda isə onlar tarixi abidə – Xudavəng monastır kompleksi ilə tanış olublar.

Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin “İstisu” mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button