Azərbaycandan prinsipial MÖVQE: “Ermənistan süni şəkildə prosesləri uzatmağa çalışır”

“Ermənistan Xarici İşlər Nazirliyinin Bakıya göndərdiyi sənəd bir müddət öncə xarici işlər naziri Ararat Mirzoyanın, ardınca isə baş nazir Nikol Paşinyanın haqqında bəhs etdikləri mətnlərdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Politoloq İrəvanın Bakıya göndərdiyi 16 maddəlik sülh planı ilə bağlı səslənən fikirlərə, habelə sürpriz müqavilənin imzalanması ehtimallarına toxunub:

“Orada qeyd olunur ki, sülh müqaviləsi üzrə müzakirə olunan 16 məsələdən 13-ü razılaşdırılıb, 3 məsələ isə hələlik qalmaqdadır. Faktiki olaraq, Ermənistan 13 maddənin imzalanmasını, qalanlarının isə sonraya saxlanmasını təklif edir. Təbii ki, 2 tərəf arasında bir çox məsələlərdə, xüsusilə də Ermənistan konstitusiyasının dəyişiklikləri ilə bağlı məsələdə fikir ayrılıqları ciddi şəkildə qalmaqdadır. Eləcə də Ermənistan süni şəkildə prosesləri uzatmağa çalışır”.

O. Qasımov hesab edir ki, Azərbaycan tərəfinin sözügedən formulla bağlı verdiyi təkliflər daha uyğundur:

“Çünki İrəvan faktiki olaraq prinsipial xarakter daşıyan 3 maddəni kənarda saxlamaqla belə bir fikir formalaşdırmağa çalışır ki, guya artıq sülh müqaviləsi imzalanıb və Ermənistan konstruktiv tərəf olaraq qalmaqdadır. Bu, bir az da ictimai rəyə oynanılan manipulyasiya kimi dəyərləndirilməlidir. Azərbaycan isə bu formulu belə təklif edirdi ki, razılaşdırılmış əsas məsələlər üzrə çərçivə sənədi imzalanır və o paraflanır. Qalan məsələlər üzrə isə intensiv şəkildə danışıqlar aparılır və həmin müddətdə də Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı referenduma hazırlıq həyata keçirilir”.

O.Qasımovun fikrincə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişdirilməyincə, habelə Ermənistanın qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ləğv olunmayana qədər yekun sülh sazişinin imzalanması mümkün deyil:

“Bu, Azərbaycanın prinsipial mövqeyidir. Bu baxımdan, göndərilən təkliflər, əgər sənəd imzalanacaqsa, bu hələ tam şəkildə sülh müqaviləsinin imzalanması anlamına gəlməyəcək. Yalnız hansısa çərçivə sənədi imzalana bilər ki, bu da gələcək sülh müqaviləsi üçün bir baza təşkil edə bilər. Bütün hallarda, Ermənistanın bugünkü davranışlarına nəzər salsaq, o cümlədən Azərbaycanın da Ermənistan konstitusiyası ilə bağlı prinsipial mövqeyinə diqqət yetirsək, o zaman görə bilərik ki, təxminən, yaxın 3 il müddətində yekun sülh müqaviləsini imzalamaq təəssüf ki, mümkün olmayacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button