“Azərbaycanı genişmiqyaslı islahatlar və ya iflas gözləyir” – Sabit Bağırov
Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatlardan sonra bu hadisələrin arxasında Rusiyanın dayana biləcəyi barədə mülahizələr səsləndi. Bu hadisələrdə Rusiya amilinin böyük rol oynadığını söyləyən ekspertlər bildirirlər ki, şimal qonşumuz Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə və Avropaya uzanan kommunikasiya xətlərinə – neft və qaz boru kəmərlərinə nəzarəti ələ keçirmək, bununla da öz şərtlərini rəsmi Bakıya diktə etmək istəyir. Tovuz istiqamətində 4 gün davam edən döyüşlərdən sonra Türkiyənin ölkəmizə tam dəstək nümayiş etdirməsi və Azərbaycanda başlayan birgə hərbi təlimlər də məhz bununla əlaqələndirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov “Press Klub”a müsahibəsində bu və digər mövzuda suallara cavab verib.
– Ermənistan ordusunun Tovuz istiqamətində hücumu, bu hücumun hədəfləri və ümumilikdə regionda baş verənlər gündəmin əsas mövzusu olaraq qalır. Bir çoxları hesab edirlər ki, Tovuz hadisələri Rusiyanın təhriki ilə törədilib və məqsəd Azərbaycanın həmin ərazidən keçən kommunikasiya xətlərini, neft və qaz kəmərlərini təhdid altında saxlamaqdır. Sizin bu barədə fikriniz necədir?
– Bu versiya əsaslı görünsə də, arqumentlər çox zəifdir. Çünki hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Rusiya və Azəbaycan rəhbərliyi arasında çox sıx əlaqələr və isti münasibətlər var. İkinci bir tərəfdən, Azərbaycan rəhbərliyi “Cənub Qaz Dəhlizi” ilə əlaqəli bütün məsələləri enerji şirkətləri və xarici dövlətlərlə yanaşı, ilk növbədə Rusiya ilə razılaşdırır. Əlbəttə, bu, mənim təəssüratlarımdır. Və bircə misal kimi mən “Nabucco” layihəsinin uğursuzluğunu qeyd edə bilərəm. Məhz bu layihə Rusiyanın Avropaya qaz ixracına az da olsa, rəqib ola bilərdi. Bu layihə daha böyük həcmlərdə Azərbaycan qazını Avropanın mərkəzində yerləşən ən böyük qazpaylayıcı terminala çatdıra bilərdi və Rusiya bu layihəyə qarşı idi. Nəhayət, mənim fikrimcə, Rusiya burada ciddi problemlər yaratmaq istəsəydi, bunu edərdi. “Çünki”lər daha çoxdur, amma əsasları, fikrimcə, qeyd etdiklərimdir. Hesab edirəm ki, Tovuzdakı hadisələr, bir neçə günlük atışmalara çevrilən kiçik təsadüfi hadisələrdən başladı. Bunun da səbəbi çox güman ki, erməni hərbçilərinin başıpozuqluğundan yaranmışdı. Bu hadisələrə dair cavabı tapılmalı ən vacib sual general Polad Həşimovun və digər yüksək rütbəli zabitlərimizin həlak olmasıdır. Hazırda bu istiqamətdə müvafiq qaydada istintaq prosesi gedir və ümid edirəm ki, araşdırmaların nəticələri tezliklə açıqlanacaq.
– Ümumiyyətlə, neft-qaz ehtiyatlarından istifadə, Azərbaycanın Avropanın yanacaq ehtiyaclarının ödənilməsində iştirakı, enerji layihələrinin regionun siyasi ab-havasına, Qarabağ münaqişəsinin həllinə təsir imkanlarını necə dəyərləndirirsiniz?
– Bu sualınıza çox qısa cavab vermək istəyirəm. Bu günə olan həqiqətlər ondan ibarətdir ki:
1) Avropa enerji bazarında Azərbaycanın rolu çox cüzidir və bir qədər artsa da, qətiyyən həlledici olmayacaq;
2) Avropa enerji bazarında Azərbaycan daha çox maraqlıdır, nəinki Avropa bizim resurslarda;
3) Ümumiyyətlə, Avropa ənənəvi enerji resurslarından alternativ, o cümlədən bərpa olunan resurslara doğru böyük addımlarla irəliləyir;
4) Avropa üçün daha böyük əhəmiyyət daşıyan digər dəyərlər var, o cümlədən insan haqları, azadlıqlar və s.
Bu həqiqətləri nəzərə alaraq Qarabağ münaqişəsinin həllində Avropa hansı rolu oynaya bilər sualına cavab aydındır.
– Yeri gəlmişkən, Xalq Cəbhəsi hakimiyyətinin yıxılmasında BP şirkətinin mühüm rol oynadığı barədə indiyədək çox danışılıb. Elə indinin özündə də əksər Elçibəy fanatları əminliklə deyirlər ki, Xalq Cəbhəsi hakimiyyətini məhz BP şirkəti yıxıb. O dövrdə xarici şirkətlərlə neft müqavilələrinin müzakirəsində iştirak edən şəxs kimi nə deyə bilərsiniz, doğrudanmı, belə olub?
– Bu suala dəfələrlə cavab vermişəm, bilmirəm indi bu məsələlər kimi maraqlandırır. Həqiqət ondan ibarətdir ki, Xalq Cəbhəsi hakimiyyətinin sonlarına yaxın hazırlanan müqavilədə xarici şirkətlər arasında ən böyük iştirak payı BP-yə ayrılmışdı. İkinci bir tərəfdən, prezident Elçibəy tərəfindən mənə xüsusi olaraq tapşırılmışdı ki, gələcək kontraktdakı payların bölünməsində iki xarici şirkətin razı qalmasına çalışım. Bunlardan birincisi BP idi və prezidentin tapşırığı yerinə yetirilmişdi. Bu həqiqətlərə əsaslanaraq deyə bilərəm ki, “Xalq Cəbhəsi hakimiyyətini BP şirkəti yıxdı” fikri fərziyyədir və burada əsaslı bir arqument görmürəm. Lakin bəlkə mənə məlum olmayan başqa faktlar var, bilən varsa, söyləsin.
– Artıq dünyada neft erasının bitdiyi barədə fikirlər səsləndirilir. Neftin əvvəlki strateji əhəmiyyətini itirməsi Azərbaycana nə vəd edir?
– Genişmiqyaslı islahatlar və ya iflas!
– Müasir dünya bərpa olunan enerji mənbələrindən istifadəyə dair çeşidli strategiyalar və proqramlar üzərində işləyir. Sizcə, Azərbaycan bu istiqamətdə hansı addımları atmalıdır? Çatımazlıqlar nədir? Perspektivləri necə görürsünüz?
– Müvafiq inkişaf prosesləri qedir, lakin əsas problemlər qanunvericilikdəki boşluqlardır. Bir sıra yeni və yenilənmiş qanunlara çox böyük ehtiyac var. Bunlar: “Enerji resurslarından səmərəli istifadə və enerji effektliyi haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik enerjisinin istehsalı üçün bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında”, “Energetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlardır. Adını çəkdiyim ilk dörd qanunun layihəsi 2 ildən çoxdur ki, dövlət qurumlarında razılaşdırılmaqdadır. Axırıncı adlarını çəkdiyim qanunların hazırlanmasına səhv etmirəmsə, yeni başlanıb. Bu altı qanunun qəbul edilməsi ölkəmizdə liberal bazar prinsiplərinə əsaslanan, səmərəli və effektiv işləyən enerji sektorunun formalaşmasında mühüm rol oynaya bilər. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim: “Energetika” sözündən istifadə həm sənədlərdən, həm də hətta müvafiq nazirliyin adından yığışdırılmalıdır. Çox arzulardım ki, bu sözü dilimizin qrammatikasına uyğun gələn “enerji” sözü ilə əvəz edək.
– Prezident İlham Əliyev bir neçə gün əvvəl hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanı necə dəyərləndirirsiniz? Bəzi mütəxəssislər bunu gecikmiş addım hesab edirlər.
– Hasilat sənayesində gəlirlərə dair məlumatların toplanması, ümumiləşdirilməsi və aşkarlanması gec-tez statistika qurumuna keçməliydi. Bu proseslər beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən bəzi qabaqcıl ölkələrdə də baş verir. Lakin bizdə “Bu keçid tez və ya gec olmadımı?” sualına cavab vermək çətindir. Yeni fərmanla əlaqəli bir neçə vacib sual var ki, kimsə onları cavablandırmalı, məsələyə tam aydınlıq gətirilməlidir:
1) Şəffaflıq hesabatları beynəlxalq prinsiplərə cavab verəcəkmi? 2017-ci ildə imzalanmış fərmanda bunun vacibliyi birmənalı qeyd edilmişdi. Yeni fərmanda isə belə tələb qoyulmur. Bəlkə başqa bir əlavə normativ sənəd qəbul olunacaq? Məsələn, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən qaydalar?
2) 2003-cü ildən bu proseslərin fəal iştirakçısı olan və beynəlxalq səviyyədə hesabatların etibarlılığını artıran vətəndaş cəmiyyətinin rolu nə olacaq?
3) Son 15 ildə bu sahədə təcrübə qazanmış və beynəlxalq səviyyədə tanınan yerli müstəqil ekspertlərin rolu nə olacaq?
4) Dövlət Statistika Komitəsinin neft hasilatı sektorunda fəaliyyətdə olan şirkətlərdən və bir sıra dövlət qurumlarından xüsusi hesabatlar tələb etmək yetkisi çatacaqmı? Əvvəlki fərmana əsasən, bu proseslərə hökumətin yüksək rütbəli üzvlərindən ibarət olan xüsusi hökumət komissiyası rəhbərlik edirdi. Yeni fərmanda isə hökumət komissiyası barədə qeydlər yoxdur. Ona görə də bu məsələlərlə bağlı fərziyyələr üzərində fikir söyləmək istəmirəm. Hazırkı vəziyyətdə bu sualların cavabını hələ mən də bilmirəm. Düşünürəm ki, zamana ehtiyac var, bir müddətdən sonra bu məsələr aydınlaşdıqca, suallara da cavab tapa biləcəyik.