“Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir” – Ruhani

İran Prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən hərbi əməliyyatlardan narahat olduğunu ifadə edib.

“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, o, Tehranda Nazirlər Kabinetinin görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə rəsmi Bakı ilə İrəvan arasındakı qarşıdurmanın genişmiqyaslı regional qarşıdurmaya səbəb ola biləcəyini qeyd edib.

“Bölgəmiz çox həssas və əhəmiyyətlidir. Şəhər və kəndlərin təhlükəsizliyini təmin etmək lazımdır. Qarabağdakı müharibə sərhədlərimizdə aparılır. Mərmilər də ərazimizdə partlayır və bu, yolverilməzdir.

Önəmli olan budur ki, bu müharibə regional müharibəyə çevrilməməlidir. Hamı reallığı qəbul etməli, hamı ölkələrin ərazi bütövlüyünə və hüquqlarına hörmətlə yanaşmalıdır”, – deyə Ruhani qeyd edib.

İran Prezidenti bildirib ki, heç bir məsələ müharibə ilə həll olunmur, başqa yollar da mövcuddur: “Bir daha Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini vurğulayırıq, Azərbaycan xalqının hüquqlarına hörmət edilməlidir. Eyni zamanda müharibə və qan tökülməsi ilə heç bir münaqişə həll edilə bilməz. Alternativ bir yol tapmalıyıq”.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button