Azərbaycanın hərbi-iqtisadi gücü… – Vaşinqtondan açıq etiraf

ABŞ-dən səslənən son açıqlama Azərbaycanın beynəlxalq mövqeyi ilə bağlı diqqətçəkən mesaj kimi qiymətləndirilir.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, amerikalı geopolitika eksperti Nikolas Qvozdev Azərbaycanın hərbi və iqtisadi potensialının ona danışıqlarda üstün mövqe qazandırdığını bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, “orta güc” statusunu praktik şəkildə təsdiqləyən dövlətlərdən biridir. Onun fikrincə, rəsmi Bakı həm müdafiə imkanlarını gücləndirməklə, həm də enerji və nəqliyyat layihələri vasitəsilə iqtisadi təsir rıçaqlarını artırmaqla strateji manevr imkanlarını genişləndirib.
Qvozdev vurğulayıb ki, Azərbaycanın xarici siyasət kursunun əsas sütunlarından biri balanslaşdırılmış və praqmatik yanaşmadır. Bu siyasət Bakıya Qərblə əməkdaşlığı genişləndirməyə, eyni zamanda Rusiya ilə qarşılıqlı faydalı münasibətləri qorumağa imkan verir. Paralel olaraq İran, Türkiyə, Fars körfəzi ölkələri, eləcə də Çin və Hindistanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın çoxtərəfli diplomatik xəttinin göstəricisi kimi dəyərləndirilir.
ABŞ eksperti hesab edir ki, Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, o, təhlükəsizlik və strateji məsələlərdə heç bir güc mərkəzindən asılı vəziyyətə düşmür və heç bir ölkənin ona şərt diktə etməsinə imkan vermir. Məhz bu amil Bakının danışıqlar masasında daha sərbəst və özünəinamlı çıxış etməsinə şərait yaradır.
Qvozdevin qənaətincə, hərbi və iqtisadi gücün paralel inkişafı Azərbaycanın regional və qlobal siyasətdə çəkisini artırır və onu bir çox beynəlxalq proseslərdə vacib tərəfdaş kimi önə çıxarır.
Polise.az



