Azərbaycanın müdafiə naziri müharibə zamanı səhvlər barədə
“Bilirsiniz ki, döyüşlər gedən vaxt bəzi ləngimələr də olmuşdu. Cənab Prezident tam haqlı olaraq, hətta özü də gəldi İdarəetmə məntəqəsinə, bəzi komandirlərə iradlar tutdu, tapşırıqlarını verdi və xəbərdarlıq elədi. Və sonra tədbirini də gördü”.
Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Real TV”nin efirində telejurnalist Mirşahin Ağayevə verdiyi müsahibəsində deyib.
“Yəni demək istəyirəm ki, biz hər bir məsələni təhlil edirik, nəticələri sənədləşdiririk və bu nöqsanların aradan qaldırılması üçün hansı işləri görməliyiksə, onları sənədləşdiririk, planlaşdırırıq. Bir neçə məsələdə artıq, belə deyək, tədbirlər görməyə başlamışıq.
Təbii ki, mən onları deyə bilmərəm. Bunlar sirdir. Ancaq, bununla yanaşı, möhtərəm cənab Prezident də çıxışlarının birində bunu dedi, bizə rəsmi şəkildə tapşırıq verib. Biz Azərbaycan Ordusunun Türk Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində artıq xeyli iş görmüşük”, – deyə nazir vurğulayıb.