Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb
Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polise.az -a verilən məlumata görə, görüşdə Azərbaycanın Birlik üzvləri ilə ikitərəfli əlaqələrinin olduğu bildirilib. Bu səfərin Azərbaycan ilə Birlik arasında da səmərəli əməkdaşlığın qurulması üçün yaxşı fürsət yaradacağına ümid ifadə olunub. Həmçinin qeyd olunub ki, Millətlər Birliyinə üzv ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir.
Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının həyata keçirdiyi tədbirlərin təşkilatın nüfuzunun daha da artmasına və üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan sədrliyi dövründə Hərəkata üzv ölkələrin ehtiyaclarına həmişə xüsusi diqqət yetirib.
S.Qafarova qonaqlara Hərəkatın Parlament Şəbəkəsinin yaradılması haqqında məlumat verib. O, 2021-ci ildə keçirilmiş təsis iclasından bəri Parlament Şəbəkəsinin böyüdüyünü, sıralarına yeni üzvləri qəbul etdiyini və bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunun şəbəkədə təmsil olunduğunu bildirib.
Patrisiya Skotlend Azərbaycanın Hərəkata sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycanın sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaradıb.
Söhbət zamanı Patrisiya Skotlendin həm də Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü olduğu qeyd edilib, Azərbaycanın Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verdiyi, bu əlaqələrin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.
Görüşdə bu il ölkəmizdə keçiriləcək COP29 haqqında da müzakirələr aparılıb. Hazırda iqlim dəyişikliyinin diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biri olduğunu xatırladan S.Qafarova Azərbaycanın bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsini ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin bariz nümunəsi kimi dəyərləndirib. Diqqətə çatdırıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə Parlament İclası təşkil etməyi planlaşdırır. Onun sözlərinə görə, bu görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.
Azərbaycanı ev sahibliyi münasibətilə təbrik edən Millətlər Birliyinin Baş katibi ölkəmizin təşkilatçılığı ilə bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Polise.az