Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb
Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildiriblər ki, görüşdə Azərbaycan və Macarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri, habelə cari regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu, əməkdaşlıq gündəliyinin genişləndirilməsi və perspektivlərinin müzakirəsində qarşılıqlı təmaslar və səfərlərin əhəmiyyətini vurğulayıb.
Macarıstanın xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daimi dəstəyi minnətdarlıqla xatırlanıb.
İki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və sair sahələr üzrə əməkdaşlığın inkişafı, həyata keçirilən birgə layihələrin uğurlu icrasının əhəmiyyəti qeyd olunub.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Polise.az