“Azərbaycanın yeri bizim ürəyimizdədir…” – “Liviya və Türkiyəni 500 ildən çox ortaq tarixi əhatə edən möhkəm bağlar birləşdirir”
Liviyalı diplomat Əşrəf Adəm: “Ölkələr arasında daimi düşmən və ya həmişəlik dost yoxdur”
Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm “AzPolitika.info” saytına müsahibə verib. Diplomat müsahibədə ölkəsindəki hazırkı vəziyyət, Müəmmar Qəddafinin oğlunun seçkilərdə iştirakı, Türkiyənin və Avropanın Liviyada rolu, Azərbaycanla münasibətlər və digər məsələlərə aydınıq gətirilib.
–Cənab Adəm, söhbətə ilk olaraq ölkənizdəki ümumi vəziyyətin dəyərləndirilməsindən başlayaq. Hazırda Liviyada vəziyyət necədir? Əvvəlki illərə nisbətdə dəyişiklik varmı? Bu ilin fevralında Cenevrədə ölkədəki vəziyyətlə bağlı keçirilən iclasda Liviyada Milli Birlik hökuməti qurulub. Bu hökumət nəyəsə nail ola bildimi?
– Liviyada ümumi vəziyyət günü-gündən yaxşılaşır, əvvəlki illərlə müqayisədə daha çox sabitlik və inkişafa doğru gedir. Xüsusən də bütün Liviya xalqının qarşıdan gələn parlament və prezident seçkiləri vasitəsilə müsbət dəyişikliklərə can atması mütləq şəkildə sabitliyə, sülhə və firavanlığa töhfə verəcək. 10 illik təcrid dövründən sonra, xüsusilə oktyabr ayının 21-də paytaxt Tripolinin ev sahibliyi etdiyi, dünyanın bir çox ölkəsinin qatıldığı və Liviyanın sabitləşdirilməsi təşəbbüsü ilə bağlı keçirilən Beynəlxalq Konfrans Liviyanın beynəlxalq arenaya qayıdışını və uğurlar əldə etmək üçün yenidən yüksəlmək imkanlarını təsdiqləyir. Qeyd olunan konfransda bir çox qardaş və dost ölkələrin iştirakı Liviyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam sadiqliyin ifadəsidir.
Milli Birlik Hökuməti və Prezident Şurası fəaliyyət göstərdiyi müddət ərzində bir çox müsbət məqamları, o cümlədən siyasi parçalanma və qarşıdurmalara görə səpələnmiş dövlət qurumlarının əksəriyyətini birləşdirməyi, əhalinin həyat və təhlükəsizlik vəziyyətini yaxşılaşdırmağı bacardı. Həmçinin, mütəşəkkil cinayətkarlıqla mübarizə və ölkədə hərbi qurumun birləşdirilməsi üçün müəyyən mexanizmlər yaratmaqla yanaşı, mövcud imkanlara uyğun olaraq dövlət xidmətləri göstərmək və vətəndaşların ehtiyaclarını təmin etmək üçün müsbət işlər gördü.
–Təhlilçilər qeyd edir ki, neft qiymətlərinin qalxması, həmçinin, son bir ilin sakit məcrada keçməsi iqtisadi dirçəliş üçün zəminlər yaradıb. Növbəti il üçün ÜDM-in 4%-dən çox artacağı proqnozlaşdırılır. Əhalinin də sayı artır. Liviya dünyanın ən strateji bölgələrindəndir. Böyük iqtisadi dəyərə malikdir, böyük neft və qaz ehtiyatlarına, yeraltı sulara, mühüm ticarət yollarına sahibdir. Afrikanın ən böyük neft ehtiyatı Sizin ölkənizdədir. Bu fürsətlərdən yararlanmaq imkanlarını necə dəyərləndirirsiniz?
-Liviyanın sabitliyini, eləcə də neftin qiymətinin artmasını və Liviyanın Afrikada ən böyük neft ehtiyatlarına malik olduğunu nəzərə alsaq, bütün bunlar yerli və xarici investorlar üçün perspektivli imkanlar yaradaraq, milli iqtisadiyyatın, xüsusilə istehsalın sabitliyi ilə vətəndaşların ehtiyaclarının qarşılanmasını artıracaq, dövlət büdcəsinin artmasına töhfə verəcək. Mövcud siyasi və təhlükəsizlik fonunda vəziyyət daha yaxşı olacaq və real imkanlardan yararlanmaq üçün beynəlxalq şirkətlər arasında rəqabət güclənəcək ki, bu da Liviyaya sərmayə cəlbinə və iqtisadiyyatın inkişafı üçün müsbət zəmin yaradacaq.
İqtisadiyyatın bərpasına nail olmaq, iqtisadi modellər üzərində işləmək və Liviya dövlətinin müxtəlif sahələrdə, xüsusilə də neft və qaz sahəsində beynəlxalq göstəricilər üzrə təsnifatını təkmilləşdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıqlar, sazişlərin aktivləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi, neft və qaz sahəsində əməkdaşlığın genişlənməsi və beynəlxalq şirkətlərin geri dönməsinin əhəmiyyətini vurğulayaraq, daha da çox işləməyimiz lazımdır.
Keçən dövr ərzində iqtisadi böhrana səbəb olmuş müharibələrin və müxtəlif siyasi böhranların dağıdıcı təsirlərindən xilas olmaq, bütün səviyyələrdə və bütün sahələrdə iqtisadi canlanmaya nail olmaq, həmçinin, əsas xidmətləri göstərmək, iqtisadi institutları gücləndirməklə, aktivləşdirməklə, özəl sektorun dəstəklənməsi, şübhəsiz ki, iş imkanlarının artmasına və Liviya xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına, regionun rifahına gətirib çıxaracaq.
–Qəddafinin ölümündən sonra Liviya vətəndaş müharibəsinin ən radikal formada tüğyan etdiyi məmləkətə çevrilmişdi. Bu təhlükə yenə də qalırmı? Çünki xarici mətbuat ölkənizdə təhlükənin hələ də qaldığını yazır…
-Hər kəsə məlumdur ki, inqilablar, xüsusən də silahlı inqilablar baş verəndən sonra bunun mənfi və ağrılı nəticələri olur ki, bu da istər dövlət, istərsə də özəl qurumlarda dağıntılara səbəb olmaqla, vətəndaşların köçkün və didərgin düşməsinə gətirib çıxarır. Bundan əlavə, ölkədəki siyasi vəziyyət və qeyri-sabitlik silahlı dəstələr və terror qrupları üçün fürsət yaradır. Bütün bunlara baxmayaraq, Uca Allahın köməyi ilə biz bu ağır sınaqdan çıxa bildik. Qeyri-sabitlik və xaosdan istifadə edərək, Liviyaya sızmış terrorçulara və terror qruplarına qalib gəlməyi bacardıq.
Liviya xalqı öz qədim dini adət-ənənələrinə sadiq bir xalqdır. İslam dini isə mötədil, terroru və ekstremizmi rədd edən bir din olduğu üçün bu terror qruplaşmaları vətəndə özlərinə yer tapmadı. Belə ki, ölkədə onlara qucaq açan olmadı. Liviyalılar bu təhlükə qarşısında birləşərək onları ölkədən qovmağa nail oldu. Liviyalıların özləri arasında baş verənlərə gəlincə, bu, əvvəllər yaranmış siyasi parçalanma və münaqişələr nəticəsində baş verib. Lakin hazırda Milli Birlik Hökuməti və yeni Prezident Şurası yaradılıb. Onların ən mühüm prioritetləri ölkədə sülhə və milli barışığa, həmçinin, tam şəkildə atəşkəsə və sabitliyə nail olmaqdan ibarətdir.

–Dekabr ayının 24-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək. Seçkilərin təhlükəsiz, qansız keçirilməsinə zəmanət varmı? Və ya ölkə rəhbərliyi təhlükəsizlik tədbirləri üçün başqa ölkələrdən kömək istəyibmi?
-Prezident və Parlament seçkiləri çox mühüm və milli istəkdir. Bu məsələnin həyata keçirilməsi üçün Liviya Milli Ali Seçki Komissiyası namizədlər üçün qapılarını açıq elan edib. Seçicilərin və namizədlərin qeydiyyatı da daxil olmaqla, seçkilərlə bağlı doğru və mühüm addımlar atıb. İstər prezident, istərsə də parlament seçkiləri üçün namizədlərin sənədləri aidiyyatı üzrə təqdim olunaraq qəbul edilib.
Liviyalılar ölkədə sabitliyin bərpası üçün keçiriləcək seçkilərə, parlamentarilərin seçilməsinə və ölkə tarixində ilk dəfə birbaşa seçki yolu ilə prezidentin seçilməsinə böyük ümid bəsləyir.
Liviyada seçki prosesinin təmin edilməsilə bağlı digər ölkələrdən köməklik göstərməsinə dfair sualınıza gəlincə, məlumdur ki, Cenevrə Konfransı ilə başlayan yol xəritəsinin əsaslarının qoyulmasında beynəlxalq ictimaiyyətin və bir çox beynəlxalq güclərin mühüm rolu olub. Buna görə də Liviyada demokratik prosesin uğurlu alınması, seçkilərin azad və ədalətli şəkildə təmin edilməsi üçün lazımi addımlar atılaraq, həmin güclərin hakimiyyətin sülh yolu ilə ötürülməsi prinsipini dəstəklədiyi şübhəsizdir. Belə ki, Liviyada BMT- nin nümayəndəliyi yenilənmiş və nümayəndəlik sabitlik yolunda seçki prosesini tam dəstəkləyir.
Bu yaxınlarda Liviyada keçirilən beynəlxalq konfransın nəticələrinə baxsaq görərik ki, konfrans iştirakçıları ölkələrin Liviyanın sabitliyinə dəstək və seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün münasib mühitin yaradılması, lazımi tədbirlərin görülməsi üçün öhdəlik götürməsini tövsiyyə edib. Eləcə də Afrika İttifaqı, dördtərəfli komissiya, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası, Liviyanın qonşu ölkələri və Afrika İttifaqının Yüksək Səviyyəli Dövlət və Hökumət Başçılarının aidiyyatı Komitəsinin bu çərçivədə səylərini qeyd etmək olar.
–Bu arada, Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qarşıdan gələn prezident seçkilərində namizədliyi təsdiqlənib. Necə düşünürsünüz, Seyf əl-İslam seçkilərdə qələbə qazana bilərmi? Belə görünür ki, qəddafilərdən heç kimin yenidən Liviya hökumətində təmsil olunmasına imkan verilməyəcək…
-Tam əksinə, bu aralar liviyalılar qəbilə və ya regional mənsubiyyətləri uzaq tutaraq müxtəlif siyasi göstərişlər nəticəsində keçmişi vərəqləməməyə, əvvəlki ixtilaf və münaqişələrdən uzaq olmağa can atır. Daha doğrusu, fikir ayrılıqlarından əl çəkməyə, məsuliyyət ruhu ilə ölkənin sabitliyini və təhlükəsizliyini təmin etməyə, hamıya şamil olunan qanun və qaydalara əməl etməyə çalışırlar.
Qəddafinin oğlu ilə bağlı sualınıza gəlincə, onun prezident seçkilərində namizədliyi qəbul edilib və komissiya onun adını qarşıdan gələn seçkilərdə namizədlər sırasında açıqlayıb. Bununla belə, seçicilər və ya prezidentliyə namizədlər tərəfindən təqdim olunan müraciətlər var ki, onlara da səlahiyyətli məhkəmə orqanları tərəfindən baxılır. Məhkəmə qərardadlar çıxaran orqandır və onun belə məsələlərə baxmaq hüququ var. Şikayətçi verilən qərardan razı qalmazsa o zaman həmin qəradan şikayət verə bilər.
Keçmiş rejimə bağlı olanların çoxu bu seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürüb və onların namizədliyi qəbul olunub. Əlavə olaraq bildirirəm ki, keçmiş rejimə bağlı olan şəxslərin çoxu dövlətin müxtəlif idarə və qurumlarında təmsil olunurlar. Hazırda onlardan bu hökumətdə nazir və ya parlament üzvü olanlar da var. Bu məsələdə son qərar Liviya xalqınındır. Əsas istək budur ki, Liviya xalqı heç bir siyasi və mübahisəli münaqişələr, rəqabətlər olmadan istədiyi Prezidenti seçsin.
–Türkiyənin Liviyada oynadığı rolu necə dəyərləndirirsiniz?
-Liviya və Türkiyəni 500 ildən çox ortaq tarixi əhatə edən möhkəm bağlar, qədim tarixi əlaqələr və müxtəlif iqtisadi, siyasi və hərbi sahələrdə güclü əlaqələr birləşdirir. Əlaqələrin əhəmiyyətini vurğulayaraq bildirmək istəyirəm ki, iki ölkə arasındakı əlaqələr son iki sazişin (təhlükəsizlik və dənizçilik) imzalanmasından sonra mühüm strateji və iqtisadi mərhələyə qədəm qoyub. Belə ki, bu saziş hər iki tərəfin Aralıq dənizindəki enerji mənbələri və ehtiyatlardan yararlanması üçün mühüm strateji və iqtisadi qazanc hesab edilir. Liviyada 200-ə yaxın türk şirkəti tərəfindən tikinti və yenidənqurma sahəsində mühüm müqavilələr, iki ölkə arasında böyük həcmdə ticarət mübadiləsi və müxtəlif investisiya layihələri kimi böyük layihələr həyata keçirilib. Həmçinin, Türkiyə, Liviyanın ərazi bütövlüyünü vurğulamaqla yanaşı, Aralıq dənizindəki dəniz əraziləri üzərində suverenliyini dəstəkləyib.
Liviya Afrika qitəsinin giriş qapısı hesab olunur və bu, ona əhəmiyyətli dərəcədə yeni imkanlar və perspektivli gələcək vəd edir. Çünki Liviya Afrika qitəsinin ən böyük neft və qaz ehtiyatlarına malik olan ölkə olmaqla, geosiyasi əhəmiyyətə malik olan mühüm coğrafi mövqedə yerləşir.
Əlavə olaraq Liviyada yenidənqurma işlərində və böyük layihələrin həyata keçirilməsində Türk şirkətlərinin rolunun boyük olduğunu bildirirəm. Tərəflər arasında bağlanan sazişlər təhlükəsizlik və hərbi əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə əməkdaşlığı genişləndirmək, terrorçuluq, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıqla mübarizə, iki ölkənin dəniz hüquqlarının müdafiəsi sahələrində imkanları artırmaq məqsədi daşıyır. Beynəlxalq hüquqi bazaya uyğun olaraq təlim və təhsil missiyalarının yaradılması və əməkdaşlıq perspektivləri iki ölkə arasında qarşılıqlı şəkildə həyata keçirilir.
– ABŞ, Avropa İttifaqı ölkələri Liviya böhranının həll olunması, vətəndaş müharibəsinə son qoyulması üçün kifayət qədər səy göstərdilərmi? Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri vətəndaş müharibəsində tərəf kimi çıxış edirdi. Necə düşünürsünüz, indiki vəziəyyətdə maraqların uzlaşdırılmasına nail olunubmu?
– Siyasət aləmində hamıya məlumdur ki, ölkələr arasında tamamilə daimi düşmən və ya həmişəlik dost yoxdur. Ölkələr arasındakı münasibətlər ümumi maraqlar əsasında qurulur və ona görə də Liviya Dövləti bir çox qonşu dövlətlərlə, onun regional və beynəlxalq ətrafı ilə geniş əlaqələrə malikdir. Liviya Dövləti, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və onun müxtəlif diplomatik nümayəndəlikləri vasitəsilə 2011-ci ildən sonra ölkələr arasında qarşılıqlı hörmətə və həmin ölkələrin daxili siyasətlərinə qarışmamağa əsaslanan yeni siyasət yürüdərək, dövlətinin sabitliyini və nüfuzunu bərpa etmək, suverenliyinin, ərazi bütövlüyünün qorunması çərçivəsində beynəlxalq və regional ictimaiyyətlə birgə fəaliyyət və konstruktiv əməkdaşlığa başlayıb. Buna görə də Liviya Dövləti qardaş və dost ölkələrin göstərdiyi bütün səyləri və onun tərəqqisi yolunda bütün maneələrin aradan qaldırılmasına və layiq olduğu beynəlxalq mövqeyə doğru irəliləməsi fonunda edilən cəhdləri alqışlayır.
Liviyanın suverenliyinin, müstəqilliyinin və təhlükəsizliyinin daimi olduğunu vurğularayaq, onun daxili işlərinə xarici müdaxiləni qəti surətdə rədd etdiyimizi bildirir və ya xaos yaradaraq ölkədə təhlükəsizliyi pozmaq cəhdini qəti şəkildə pisləyirik. 5+5 formatında Birgə Hərbi Komitənin atəşkəs razılaşmasının şərtlərinin tam şəkildə yerinə yetirilməsi, muzdluların bütün Liviya ərazilərindən çıxarılması, beynəlxalq hüquq normalarına riayət edilməsi istiqamətində səylərini, həmçinin Liviyada təhlükəsizlik, sabitlik və sülhə nail olmaq üçün Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları dəstəkləyirik. İnsan hüquqlarının qorunmasını, BMT-nin bu sahədəki rolunu təqdir edtiyimizi bildirir, eləcə də Afrika İttifaqı, Avropa Birliyi, Ərəb Dövlətləri Liqası, İslam ölkələri və digər qardaş və dost ölkələrin səylərini alqışlayırıq.

–Hazırda Azərbaycanla ikitərəfli əlaqələr nə yerdədir? Münasibətləri əvvəlki səviyyəyə qaytara bildinizmi? Azərbaycanın paytaxt Tripolidə Səfirliyinin bərpasıyla bağlı nə kimi yeniliklər var? Bildiyimə görə, bir sıra konsulluqlar Benqazi şəhərində yerləşir…
-Azərbaycan və Liviya arasında ikitərəfli əlaqələr Liviyanın Azərbaycan Respublikasının müstəqilliyini rəsmi olaraq tanımasıyla, 1991-ci ilin dekabrında bununla bağlı rəsmi olaraq bəyanat verməsilə başlayıb. 1992-ci ilin əvvəlindən iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər həyata keçirilib, o cümlədən 1992-ci ildə birgə komissiya (Liviya-Azərbaycan Birgə Komissiyası) yaradılıb və hər iki ölkədə bir neçə dəfə komissiyanın iclasları baş tutub. Hər iki dost ölkədə onların diplomatik nümayəndəlikləri fəaliyyət göstərməyə başlayıb.
İkitərəfli əlaqələr və əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra sazişlər və anlaşma memorandumları tərəfləri bir-birinə bağlayır. Belə ki, hər iki ölkənin yüksək vəzifəli şəxsləri, nazirləri və məsul şəxsləri qarşılıqlı səfərlər həyata keçirib, regional və beynəlxalq məsələlər, eləcə də neft və qaz sahələri üzrə müzakirələr aparıb. Həmçinin, qeyd etmək istərdim ki, tərəflər beynəlxalq və regional təşkilatlarda, BMT-nin daimi komitələrinin üzvlüyünə namizədlərinin seçilməsində qarşılıqlı şəkildə bir-birini dəstəkləyir.
Biz qardaş Azərbaycanda fəaliyyətə başladığımız vaxtdan etibarən iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün əlimizdən gələni edirik.
Paytaxt Tripolidə Azərbaycan Səfirliyinin yenidən açılmasına gəlincə, Milli Birlik hökumətinin təsdiqindən sonra biz səfirliyin öz işini həyata keçirməsi üçün tərəfimizdən hər cür şəraitin yaradılmasını bildirmiş və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmiləri ilə bunu müzakirə etmişik. Allahın köməyi ilə yaxın vaxtlarda bunun şahidi olarıq.
–Azərbaycanı ikinci öz ölkəniz hesab edirsiniz. 44 günlük Vətən müharibəsinin qələbəsini öz qələbəniz kimi qəbul edir, “Azərbaycan bizim ürəyimizdədir” deyirsiniz. Sizi bu qədər Azərbaycana bağlayan nədir?
–Bəli, biz Azərbaycanı ikinci ölkəmiz hesab edirik, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi zamanı əldə etdiyi bu qələbə bizim hər birimizin qələbəsidir. Deyərdim ki, bütün İslam ümmətinin qələbəsidir, eləcə də haqq-ədaləti dəstəkləyən, zülmdən qurtulmaq istəyən, haqsızlıqdan əziyyət çəkən bütün xalqların qələbəsidir.
Qarabağ məsələsi ümummilli məsələ olmaqla yanaşı, haqq-ədalət məsələsidir. Ona görə də biz səmavi dinlərə, beynəlxalq qanunlara və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyən digər təşkilatlar, eləcə də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq, Azərbaycanın haqq işini, öz torpaqlarını azad etməsini açıq şəkildə dəstəkləyərək öz mövqeyimizi bir daha bəyan edirik. Azərbaycan bu müharibədə qazandığı parlaq qələbəsi ilə regionda yeni reallıq yaratmış oldu və bununla da bir çox dövlətlər Azərbaycanın qəhrəman oğullarının, mübariz xalqının fədakarlığı və müdrik rəhbərliyinin sayəsində əldə etdiyi bu qələbənin əhəmiyyətini dərk etmiş oldular.
Bizi Azərbaycana nə bağlayır? “Bəli, Azərbaycanın yeri bizim ürəyimizdədir. Mənəvi-tarixi əlaqələr bizi yaxından bir-birimizə bağlayır, ona böyük hörmət və ehtiram bəsləyirik. Liviya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ərəb və ilk Afrika ölkəsidir.
Azərbaycanın bizim aramızda yüksək və mötəbər mövqeyi var və biz ona, onun əziz xalqına və müdrik rəhbərliyinə bir daha tərəqqi, inkişaf və firavanlıq arzulayırıq. Sonda sözümü məşhur deyimlə bitirərək, “QARABAĞ AZƏRBAYCANDIR!” deyirəm.



