Azərbaycanla Birləşmiş Krallıq arasında COP29 çərçivəsində keçiriləcək tədbirlər və layihələr müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammitində iştirakı çərçivəsində Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Nazirliyində nüvə enerjisi və alternativ enerji üzrə dövlət naziri Endryu Boui ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  Polise.az -a bildirilib ki, görüş zamanı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirlər və layihələr müzakirə olunub.

Azərbaycanla Birləşmiş Krallıq arasında qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişafına önəm verildiyi vurğulanıb. Bu strateji münasibətlərin daha da möhkəmləndirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tərəflər neft və qaz hasilatı və ixracı sahəsində uzun illər aparılan strateji əməkdaşlıq ilə yanaşı, iki ölkə arasında alternativ enerji sahəsində geniş əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanın günəş və külək enerjisi istehsalı üzrə geniş potensialından və hazırda icra olunan layihələrdən, Yaşıl Enerji zonalarının yaradılması işlərindən bəhs olunub. BP şirkəti ilə birgə həyata keçirilən 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə işlər nəzərdən keçirilib.

Görüş zamanı nazir Ceyhun Bayramov ölkəmizin COP29-a sədrliyi üzrə planları və prioritetləri barədə qarşı tərəfə ətraflı məlumat təqdim edib. İqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə səylərin əhəmiyyəti qeyd olunub.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button