Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qismi icra edilib
Sentyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka di Canfrançesko ilə görüşüb.
Bu barədə Polise.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib.
2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub.
Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən L.Canfrançesko ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Polise.az