“Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni Ermənistanı tərk edir” – Hikmət Hacıyev
“Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında “panermənilik” haqqında yer almış məqamlarla bağlı qeyd etmək istərdim ki, bu, faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir. Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib.
O bildirib ki, strategiyada ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir: “Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdür”.
Prezidentin köməkçisi bildirib ki, sənəddə Ermənistanda demoqrafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və artan emiqrasiya başlıca problemlərdən biri kimi göstərilir: “Bununla yanaşı, Ermənistanın iqtisadi inkişafı ilə bağlı bir sıra fikirlər yer alır. Lakin unutmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi izolyasiya şəraitində yaşayacaq. Münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanda hər hansı iqtisadi inkişaf perspektivlərindən, eləcə də emiqrasiya, yoxsulluq, işsizlik və sosial bərabərsizliyin aradan qaldırılması barədə danışmaq mənasızdır.
Əhalinin sayının stabilləşdirilməsi və demoqrafik artıma nail olmaq Ermənistan dövlətinin məqsədi kimi qoyulub. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə, heç cür bu məqsədlərə nail ola bilməyəcək və vəziyyət daha da pisləşəcək. Çünki insanların Ermənistanın gələcəyinə inamı yoxdur və Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni ölkəni tərk edir”.