Azərbaycanla Türkiyə arasında hərbi kadr hazırlığı sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Müdafiə Nazirliyindən Polise.az-a bildirilib ki, bir qrup hərbi qulluqçu Türkiyəyə səfər edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib. Ulu Öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib. Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra qardaş ölkədə təhsil alan kursantlarla görüş keçirilib. Azərbaycanlı nümayəndələr kursantların tədris prosesi ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. Kursantlarla bir yerdə nahar edilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti, həmçinin qardaş ölkənin “HAVELSAN” şirkətini ziyarət edib. Burada qonaqlara müxtəlif təyinatlı silah-texnika və hərbi təyinatlı vasitələr nümayiş etdirilib.
Polise.az