“Azərbaycanla Türkiyə arasında intensivləşən hərbi-siyasi dialoq Moskvanı narahat edir”
“Təbii ki, heç nəyi istisna etmək olmaz amma, təxribatın bu görüşə hər hansı bir ciddi təsiri olacağını düşünmürəm”
Bunu Moderator.az-a açıqlamasında politoloq Sülhəddin Əkbər deyib. Politoloq Sergey Şoyqunun Bakı görüşündə daha mühüm olan məsələləri müzakirə edəcəyini bildirib:
“Təbii ki, heç nəyi istisna etmək olmaz, amma, təxribatın bu görüşə hər hansı bir ciddi təsiri olacağını düşünmürəm. Sergey Şoyqunun Bakı görüşündə iki təməl məsələ var. Birinci, Rusiyanın illərdir daha dərin inteqrasiya məsələləri var, o cümlədən hərbi sahədə. Bu, Rusiya üçün strateji bir əhəmiyyət daşıyan məsələdir. Azərbaycanın Rusiyanın lideri olduğu Avrasiya İqtisadi birliyinə və Kollektiv Təhlükəsizlik Təşkilatına üzvlüyü məsələsi və yaxud da ki, bu və ya digər formada ilkin inteqrasiya mərhələsini heç olmasa keçməsidir. İkincisi isə son dövrlərdə Azərbaycanla Türkiyə arasında intensivləşən həm siyasi, həm də hərbi dialoq məsələsi yəqin ki, Moskvanı narahat edir. Məncə, bir-biri ilə bağlı olan bu iki məsələ gündəliyin əsas mövzusu olacaq. O biri məsələlər xırda və taktiki məsələlərdir və Rusiyanı o qədər də maraqlandırmır”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sabah Bakıya səfəri gözlənilir. Bu ərəfədə isə düşmən cəbhədə yenə təxribata cəhd edib. Döyüş zamanı düşmənin bir əsgəri ölüb, diversiya qrupunun komandiri Qurqen Alaverdiyan isə ordumuz tərəfindən əsir götürülüb.