“Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var” – Müdafiə naziri
Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları bu dəfə Müdafiə naziri Zakir Həsənovla görüşüb.
Nazirlikdən verilən məlumata görə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ilk növbədə layihənin məqsədi, nazirlik tərəfindən vətənpərvərlik sahəsində görülən işlər, artıq 20 ildən çoxdur ki, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyinin əlaqədar qurumlarla birgə həyata keçiridiyi “Şahinlər” hərbi-vətənpərvərlik oyunu, ümumilikdə gerçəkləşdirilən layihə və tədbirlər haqqında qısa məlumat verıb. Nazir müavini bu tədbirlərdə 10 mindən artıq gəncin iştirakının təmin edildiyini bildirib.
Müdafiə naziri Zakir Həsənov vətənpərvərliyin sadəcə əsgərlərin çiyninə düşmədiyini, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətəndaşa aid olduğunu diqqətə çatdırıb.
Çıxışının davamında nazir Zakir Həsənov bildirib ki, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır.
“Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır. Mütləq şəkildə 2 hədəfimiz olmalıdır. İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar. Digər məqam, bir-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq”.
Daha sonra nazir Zakir Həsənov gənclərin Tovuz döyüşləri, Azərbaycanın ordu quruculuğu, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri və digər mövzular barədə sualları cavablandırıb.
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Qeyd edək ki, cari ilin aprel ayından start verilmiş proqramda iştirak etmək üçün 350-dən artıq gənc müraciət edib. İlkin seleksiyadan sonra 171 gənclə onlyan formada müsahibə aparılmış və nəticədə 30-a yaxın rayondan 115 gənc iştirakçı kimi seçilmişdir. Proqramı uğurla başa vurmuş gənclərə diplom və gənc liderin döş nişanı təqdim ediləcək.
İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünya görüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komandada işləmək təcrübəsi kimi meyarlara üstünlük verilir. Avqust-oktyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub.
Proqramın həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasını əhatə edir.