Azərbaycanlılarla svanların qarşıdurmasında erməni izi…

Qonşu ölkədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənilir.

Gürcüstanın Dmanisi (Başkeçid) rayonunda soydaşlarımızla svan adlanan etnik qrupa aid şəxslər arasında baş verən qarşıdurma Azərbaycanda da diqqətlə və narahatlıqla izlənilir. Qonşu ölkəyə qarşı artıq sərt etirazlar edilir.

Gürcü hökumətinin bu məsələdə tərəf tutduğu yönündə fikirlərə tez-tez rast gəlirik. Doğrudur, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili hadisə yerinə gediblər və münaqişə ətrafındakı son məlumatlardan biri bu idi ki, tərəflər arasında barışıq əldə olunub.

Lakin bu da məsələni gündəmdən düşürməyib. Son illərdə Gürcüstanda soydaşlarımıza yönəlik tez-tez belə ayrı-seçkiliyin edildiyi, qarşıdurmalara gedildiyi qeyd olunur. Rəsmi Tiflisə bununla bağlı sərt etirazın edilməsinin vacibliyi də vurğulanır. Bu münaqişələrdə erməni izi də axtarılır.

Son qarşıdurmanın əsas amili nədir? Problem aradan qalxdımı? Vaxtilə buraya köçürülmüş svanların (gürcülər) soydaşlarımıza qarşı aqressiyasının səbəbi nədir? Bunun hansı pis nəticələri ola bilər? Bu işdə erməni kəşfiyyatının barmağı ola bilərmi?

Hakim “Gürcü Arzusu”nun Gürcüstan parlamentindəki sabiq azərbaycanlı deputatı Mahir Dərziyev “Yeni Müsavat”a açıqlamasında son durumu belə şərh etdi: “Bu çox məyusedici bir haldır. Nə ölkəmizə başucalığı gətirir, nə də ölkəmizin maraqlarına cavab verən haldır. Bilirsiniz ki, əsrlər boyu çiyin-çiyinə qardaş kimi yaşamışıq. Bu gün də azərbaycanlılar Gürcüstanda bütün konstitusion hüquqlara malikdirlər. Amma bu hüquqlardan tam bəhrələnmək üçün müəyyən problemlərimiz var ki, bu da başqa bir mövzunun söhbətidir. Zaman-zaman belə hadisələr gündəmə gəlir. Bir məsələni deyim ki, 6 il Gürcüstan parlamentində təmsil olunarkən Kutaisidə yaşadım. Çoxlu sayda  pivəxanaların, kafelərin qarşısında bu cür davalar görmüşəm. Burada məişət zəminində belə bir hadisə baş verib. Dmanisidə yaşayan bir svan pivə almaq istəyib. Satıcı da pivəni verməyib ki, əvvəlki borclarını ver. Sonda da bu xoşagəlməz hadisə yaşanıb. ”Od olmayan yerdən tüstü çıxmaz”.

Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev - YouTube

Mahir Dərziyev

Nəyə görə bu hadisənin belə böyük münaqişəyə çevrilməsinin çox səbəbləri var. Bunun bəzilərini sadalayıram, amma bəzilərini yox. Çünki ümumi işimizə ziyan gətirər. Gürcüstanın daxili işlər naziri də dedi ki, məişət zəminində baş verən bu hadisənin heç bir halda etnik zəmində baş verən hadisəyə çevrilməsinə imkan vermək olmaz. Azərbaycan və Gürcüstanda, şükür Allaha, bir çox məqamları yaxşı anlayırlar. Soydaşlarımız çox təmkinli davranırlar. Qısa zamanda barışıq əldə olunması məhz bunun nəticəsi idi. Svanların içərisində millətçi, dini təəssübkeşliyi olanlar var. Onlar bu torpağın sahibi bizlərik, sizlər kimlərsiniz kimi düşüncədədirlər. Düzdür, onlar gürcü millətinin simaları deyillər. Çünki gürcü milləti çox alicənab bir xalqdır. Sadəcə, təəssüf edirəm ki, belə şəxslərin “səyləri” nəticəsində bu hadisə yaşandı. Mən də orada idim. Parlament təmsilçiləri, dövlət qurumları və digər qurumlar tərəfindən məsələyə çox operativ reaksiya verildi. Sizləri əmin edirəm ki, problem aradan qalxıb. Sadəcə, zaman-zaman belə hadisələr yaşanıb, bundan sonra yaşanmayacağına kimsə zəmanət verə bilməz. Anlayışlı olmaq lazımdır”.

24news.ge

M.Dərziyev ad çəkməsə də, bu qarşıdurmada da erməni izini istisna etmir: “Sizinlə razıyam. Gürcüstanda etnik və dini zəmində qarşıdurma yaradanların başında bizim xalqın düşmənlərinin gəldiyini bilməyən yoxdur. Sadəcə, özüm ad çəkmirəm. Sizlər kimləri nəzərdə tutduğumu yaxşı bilirsiniz. Bu qüvvələr, eyni zamanda bizə düşmən olan xarici qüvvələr daim qarşıdurma yaratmağa cəhdlər edirlər. Çox təəssüflər olsun ki, daxildə də bəzi siyasi qüvvələr bu məqamlardan siyasi müstəvidə istifadə etməyə cəhdlər göstərirlər. Bizim hökuməti tənqid edə bilərlər. Gürcüstan demokratik ölkədir və bu normal haldır. Amma burada guya hökumət bu işə rəvac vermir, tədbir görmür kimi fikirlər gündəmə sırımağa çalışmaq çox yanlışdır. Siz media təmsilçisisiniz. Açığı, burada bir qədər medianı da qınayacam. Yəqin məni anlayışla qarşılarsınız. Düzdür, çox sağ olun, soydaşlarınızın buradakı problemlərinə daim həssaslıqla yanaşmısız, reaksiya vermisiniz. Amma Gürcüstan daxilində bəzi media qurumları var ki, nəyisə şişirdilmiş formada təqdim edirlər. Sensasiya arxasınca qaçmaq olmaz. İnsanların stress keçirmələri normaldır”.

Azər Süleymanov: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim qürurumuz və müqəddəs borcumuzdur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Süleymanov

Müxalif “Vahid Milli Hərəkat” Partiyasının üzvü, parlamentin sabiq deputatı Azər Süleymanov gürcü iqtidarının ayrı-seçkilik etdiyini bildirdi: “Həmin mağazadan ilk dəfə alver edilmirdi. Dükançıdan hər zaman nisyə alıblar. Çox vaxt da pulunu verməzdilər. İndi də təzyiq ediblər. Şahidlərin sözlərinə görə, satıcı qadına belə əl qaldırıblar. Nəticədə böyük münaqişə baş verib. Azərbaycanlılar onların cavablarını veriblər. Bundan sonra təsəvvür edin ki, 100 nəfərə yaxın adam yığıb, dükanda olan 10-15 nəfərin üzərinə gediblər. Əllərində ən müxtəlif soyuq silahlar olub. Çox təəssüflər olsun ki, dövlət bundan xəbərdar olsa da, soydaşımızın dükanını hücum edib dağıdandan sonra polislər ora yaxınlaşıblar. Bir növ gözləmə mövqeyində dayanmışdılar. Dövlət istəsə, hər iki tərəfin qarşısını ala bilərdi. Ən müxtəlif yerlərdən azərbaycanlılar bu məsələdə ayağa qalxdılar. Polisin susqunluğu hər kəsdə şübhə yaratmışdı. Bizə elə gəldi ki, məqsədyönlü, əvvəlcədən planlaşdırılmış bir hadisə idi. Azərbaycanlılara qarşı açıq şəkildə haqsızlıq edildi. Bu məsələ bu gün başlamayıb. Dmanisidə olanlar əvvəlcədən deyirdilər ki, orada rəhbər strukturda dəyişiklik olandan sonra onlara qarşı haqsızlıq başlayıb. Bu da haradasa 10 il edər. Saakaşvilinin dönəmində rəhbər strukturlarda azərbaycanlı müavinlər təmsil olunurdu. İndi bu gün təmsilçilik sıfıra endirilib. İqtidar dəyişikliyindən sonra azərbaycanlıları ikinci plana atmağa başladılar. Son hadisədə barışıq əldə olunsa da, bu, qısamüddətli barışıqdır. Mən çıxışımda da dedim ki, hər zaman gürcü dövlətinin yanında olmuşuq, heç zaman bu dövlətə düşmən olmamışıq, şəhidlər vermişik”.

Gürcüstan DİN-dən azərbaycanlılara kütləvi hücumla bağlı - Açıqlama(VİDEO)

Deputat burada üçüncü qüvvənin əlinin olmasına açıq işarə vurdu: “Bu gün Azərbaycan dövlətinin və ordusunun qələbəsini Gürcüstandakı ermənilər, ermənipərəst qüvvələr həzm edə bilmirlər. Bunu heç zaman gizlətməyiblər. Amma istənilən halda soyuqqanlı davranıb, iki dost xalq arasında qarşıdurma yaratmamalıyıq. Gürcüstan bu gün separatizmdən əziyyət çəkir. 20% torpağı işğal altındadır. Biz burada daim dövlətçiliyin yanında olmuşuq. Amma ermənilər belə olmayıblar. İmkan əldə edən kimi dövlətə qarşı olublar. Özlərini heç zaman Gürcüstanda yaşayan kimi hiss etməyiblər. Ya Ermənistanda, ya da Rusiyada olduqlarını duyublar. Axalkalaki daim separatizm mənbəyi olub. Çox təəssüf edirəm ki, bugünkü hakimiyyət bizə bu qiyməti verir. Bizə hər zaman ikinci sort münasibəti bəsləyiblər. Ona görə barışığa inanmıram. Barışıq üçün dövlət proqramı hazırlanmalı, dövlət səviyyəsində böyük işlər görülməlidir. Biz heç zaman istəmərik ki, doğma Gürcüstanımızda bir problem yaradaq”.

Hamısını Göstər

Related Articles

Back to top button