Azərbaycansız İran və Rusiya bunu heç vaxt bacarmazlar…

Bakı Enerji Həftəsi çərçivəsində diqqət mərkəzində yer alan məsələlərdən biri də Rusiyanın “Qazprom” konserninin nümayəndələrinin apardıqları danışıqlar, keçirdiyi görüşlər olub. Yayılan məlumatlara əsasən, gündəliyin əsas məsələlərindən biri Azərbaycanın Rusiya təbii qazının İrana tranzitinin təşkilində iştirakı ilə bağlı olub. Xatırladaq ki, Moskva və Tehran hələ 2025-ci ilin yanvarında müvafiq təşəbbüslə çıxış ediblər.

Qeyd edək ki, İran Şimal-Cənub enerji dəhlizinin aktivləşməsinə maraq göstərir. İran Rusiya kimi ölkələrlə əməkdaşlıq etməklə çoxtərəfli qaz razılaşmalarını icra etməyə və qazı svop etməyə hazır olduğunu bildirir. Belə vəziyyətdə artıq o da sirr deyil ki, Azərbaycan Rusiya və İran arasında təbii qaz tranziti üçün də həlledici rola malikdir. Bu, Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında imzalanan sazişdə də öz əksini tapıb. Daha əvvəl Rusiyadan İrana təbii qaz daşıyacaq kəmərin Azərbaycandan keçməsi barədə razılıq əldə olunub. Rusiyanın energetika naziri Sergey Tsivilyev məsələ ilə əlaqədar bildirib: “Həcmlər artıq müəyyən edilib. Qiymət həmişə kommersiya məsələsidir, kompromis axtarışıdır, ona görə də hər iki tərəfdən işçi qrupları yaradılıb və mütəxəssislər qiymət müəyyənləşdirilməsinə yanaşma hazırlayır”. Azərbaycan üzərindən Rusiya qazının İrana nəql həcminin kifayət qədər yüksək olacağı proqnozlaşdırılır. İranın hazırda Rusiya qazına böyük ehtiyacı var. Düzdür, ölkənin özü də qazla, neftlə olduqca zəngindir. Amma məsələ burasındadır ki, İranın qaz hasil edilən əsas yataqları ölkənin cənubunda, böyük istehlakçı kütləsi də şimalda yerləşir. Özü də İranın şimalı sərt iqlimə sahibdir və bu səbəbdən orada təbii qaza da tələbat yüksəkdir. Ölkənin cənubundan şimalına qaz nəqli yetərli həcmdə deyil və yeni infrastrukturun qurulması da çox baha başa gəlir. İllərdir çoxsaylı sanksiyalardan əziyyət çəkən İranın belə yeni infrastruktur yaratması da indiki halda az qala mümkünsüz görünür. Elə bu səbəbdən İran şimal regionlarına digər mənbələrdən, o cümlədən Rusiyadan birbaşa qaz təchizatı və ya svop müqavilələr vasitəsilə “mavi yanacaq” idxalında maraqlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan vasitəsilə Rusiya qazını İrana daşıyacaq layihə genişmiqyaslı və strateji xarakterli olacaq. Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirmişdi ki, ilkin mərhələdə ölkəsindən İrana ildə 2 milyard kubmetr təbii qaz nəqlindən başlamaq məqsədəuyğun hesab olunur. Daha sonra bu həcmin ildə 55 milyard kubmetrə kimi artırılması nəzərdə tutulur. Bütün bunlar tranzit ölkə kimi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır.

Hazırda Azərbaycan üzərindən İran və Rusiyanın qaz nəqli sisteminin gücü ildə təxminən 4 milyard kubmetr qaz təşkil edir. İstismar marşrutlarından biri Hacıqabul-Astara magistral qaz kəməridir ki, o, 1970-ci ildən rus qazını İranın Abadan şəhərinə nəql edir. İndi tərəflər yeni infrastruktur yaradaraq həcmi artırmağa çalışırlar. Bununla belə, əsas məhdudiyyətlər siyasi şəraitlə bağlı olaraq qalır. Məlum olduğu kimi, Rusiya və İran beynəlxalq sanksiyalar altında qalmaqdadır və bu, rəsmi Bakını Moskva və Tehranın iştirak etdiyi enerji təşəbbüslərinə yaxınlaşarkən ehtiyatlı davranmağa vadar edir. Rusiya və İran qlobal qaz bazarında strateji oyunçular olaraq qalsalar da, xarici siyasət məhdudiyyətləri onların iştirakı ilə irimiqyaslı layihələrin inkişafına maneçilik törətməkdə davam edir. İndi bu iki ölkə öz aralarında qaz mübadiləsini reallaşdırmaq üçün Azərbaycana ehtiyac duyurlar. İranlı analitik Əli Purmand bildirir ki, İran, Azərbaycan və Rusiya arasında xüsusilə təbii qaz sahəsində regional enerji bazarının yaradılması perspektivləri strateji baxımdan maraq doğurur və artıq müəyyən addımlar da atılıb: “Rusiya qazının Azərbaycan ərazisi vasitəsilə İrana tranziti də daxil olmaqla bir sıra danışıqlar və layihələr həyata keçirilir. Belə əməkdaşlıq geosiyasi vəziyyətin dəyişməsi və iqtisadi məqsədəuyğunluq fonunda hər üç tərəf üçün faydalı ola bilər. Bununla belə, tam funksional, davamlı və inteqrasiya olunmuş regional enerji bazarının yaradılması olduqca mürəkkəb prosesdir. Əsas çətinliklərə beynəlxalq sanksiyaların təsiri, hələ də açıq qalan kommersiya məsələləri və genişmiqyaslı infrastruktur yatırımlarına ehtiyac daxildir. Bu amilləri nəzərə alaraq, uzunmüddətli məqsədlərə – məsələn, illik 55 milyard kubmetr qazın tranziti kimi iddialı planlara – nail olunması riskli görünür. Lakin ayrı-ayrı layihələrin həyata keçirilməsi və hətta genişləndirilməsi ehtimalı yüksəkdir. Bununla belə, daha sabit və sanksiyalara məruz qalmayan bölgələrdə mövcud olan enerji bazarlarına bənzər ortaq bazarın yaradılması hələlik ciddi bir çağırış olaraq qalır”. O xatırladır ki, bu gün İran və Azərbaycan arasında bir neçə əsas energetika istiqaməti üzrə fəal əməkdaşlıq mövcuddur: elektrik enerjisinin mübadiləsi, Xəzər dənizində yataqların birgə kəşfiyyatı və hidroelektrik stansiyalar, bəndlər kimi su infrastruktur obyektlərinin birgə istismarı: “Bundan əlavə, İran və Azərbaycan su, hidroenergetika infrastrukturlarının birgə istifadəsi sahəsində də əməkdaşlıq edir. Bu sahədə ən bariz nümunələr Araz çayı üzərində yerləşən Xudafərin və Qız Qalası bəndləridir. Bu obyektlər, eyni zamanda elektrik enerjisi istehsalı, suvarma və daşqınların qarşısının alınması funksiyalarını yerinə yetirir, iki ölkə arasında praktiki əməkdaşlığın və qarşılıqlı asılılığın simvoluna çevrilib. Ümumilikdə bu təşəbbüslər İran və Azərbaycan arasında energetika və infrastruktur əməkdaşlığının strateji dərinliyini nümayiş etdirir. Qaz svopu razılaşmasının dayandırılmasına baxmayaraq, hər iki ölkə enerji sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olaraq, diqqəti elektrik enerjisinə, su infrastrukturuna və Xəzər resurslarının işlənməsinə yönəldir”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button