“Azəriqaz” rəhbəri qazın niyə bahalaşdığını izah etdi

“Azərbaycanda təbii qazın qiymətinin qalxmasının bir çox obyektiv və subyektiv səbəbləri var”. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

Baş direktor qeyd edib ki, ilk növbədə, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır: “Birinci səbəb odur ki, istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir. Digər səbəb isə beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır. Koronavirus pandemiyasının nisbətən azalması fonunda dünya bazarında canlanma müşahidə olunur ki, bu da bahalaşmanı şərtləndirən amillərdən biridir. Bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, hazırda bu qiymət 118 manat təşkil edir”.

“Azəriqaz” rəhbəri qeyd edib ki, qiymət artımı noyabrın 1-dən başlayaraq hesablanacaq: “Oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq. Yəni, 1 200 kubmetrə qədər qaza görə abonent bir kubmetr üçün 10 qəpik, 2 500 kubmetrə qədər isə 20 qəpik ödəyəcək. Noyabrın 1-dən isə 1 200 kubmetrə qədər 1 kubmetr qaza görə 12 qəpik ödəniləcək. Bundan yuxarı istifadə üçün isə qiymət dəyişikliyi olmayacaq. Sənaye və kənd təsərrüfatında isə bir kubmetr qaza görə qiymət 20 qəpikdən 22 qəpiyə qaldırılıb. “Azəristiliktəchizat” isə dəyişiklikdən sonra qazın bir kubmetrinə görə 13 qəpik deyil, 17,1 qəpik ödəyəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button