“Azərkosmos” BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

“Azərkosmos” Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Ofisi ilə BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulmasına dair əməkdaşlıq sənədi imzalayıb.

Polise.az  qurumun yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos” “Qlobal Saziş”ə qoşulmaqla kosmik fəaliyyət sahəsində davamlılığı planlaşdırmaq, həyata keçirmək, daxili imkanlarını gücləndirmək və beynəlxalq miqyasda daha geniş biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə öz təcrübəsini bölüşmək imkanı əldə edəcək. Həmçinin “Azərkosmos” ilə BMT arasında təcrübə mübadiləsinin aparılması, “Azərkosmos”un “Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin qiymətləndirilməsi üzrə hesabatı”na dair müzakirələr nəzərdə tutulur.

“Azərkosmos” BMT-nin “Qlobal Saziş”inin iştirakçısı olaraq öz fəaliyyətini 2021-2025-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” də daxil olmaqla, ölkənin davamlı inkişaf prioritetlərinə, “yaşıl” inkişaf istiqamətlərinə, siyasətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. Azərkosmos, o cümlədən davamlı inkişafla bağlı 17 hədəf üzrə BMT-nin təcrübəsindən yararlanacaq.

Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button