Azay Quliyev: “Ermənistan 45 yaşlı Helsinki Yekun Aktının 10 prinsipinin hamısını pozub”
Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev 1 avqust 1975-ci ildə qəbul olunan və ATƏT-in bünövrəsini təşkil edən prinsipləri özündə cəmləşdirən Helsinki Yekun Aktının 35 ölkə tərəfindən imzalanmasının 45-ci ildönümü ilə bağlı açıqlama yayıb.
Azay Quliyev bildirib:
– Bu gün 1 avqust 1975-ci ildə qəbul olunan və ATƏT-in bünövrəsini təşkil edən prinsipləri özündə cəmləşdirən Helsinki Yekun Aktının 35 ölkə tərəfindən imzalanmasının 45-ci ildönümüdür. Dövlətlər arasındakı münasibətlərin tənzimlənməsində hələ də aktuallığını itirməyən bu sənəd aşağıdakı 10 prinsipi özündə əks etdirmişdir:
1. Suveren bərabərlik prinsipi;
2. Zor işlətməmək prinsipi;
3. Sərhədlərin toxunulmazlığı prinipi;
4. Dövlətlərin ərazi bütövlüyü prinsipi;
5. Mübahisənin dinc yolla həll olunması prinsipi;
6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi;
7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi;
8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;
9. Dövlətlər arasında əməkdaşlıq prinsipi;
10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.
Göründüyü kimi, Helsinki Yekun Aktını imzalayan və sonradan ona qoşulan dövlətlər yuxarıda sadalanan prinsipləri pozmayacaqlarına dair öhdəliyi öz üzərinə götürürlər. Lakin, 1992-ci ildən ATƏM-ə (daha sonra ATƏT) üzv olan Ermənistan faktiki olaraq Azərbaycana münasibətdə bu 10 prinsipin hamısını: suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini kobud şəkildə pozub.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu işğal altında saxlayan, Ermənistanda və zəbt edilən torpaqlarda yaşayan azərbaycanlılara qarşı zor tətbiq edən, milyondan çox həmyerlimizin qaçqın və məcburi köçkün olmasına səbəb olan işğalçı ölkənin bu əməllərinə hələ də beynəlxalq ictimaiyyət tərəfindən layiqli qiymət verilməyib. Xüsusilə qeyd edilməli məsələlərdən biri də Ermənistanın xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipini uzun müddətdir ki, təhrif edərək öz xeyrinə istifadə etməyə cəhd etməsidir. Məsələ ilə bağlı Helsinki Yekun Aktında qeyd edilib ki, xalqların öz müqqəddəratını təyinetmə prinsipinin tətbiqi BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə ərazi bütövlüyünü pozmamaq, yəni ərazi bütövlüyünü zədələməmək şərti ilə həyata keçirilməlidir.
Buna baxmayaraq Ermənistan hələ də beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək, Dağlıq Qarabağdan bütün azərbaycanlıları zorla çıxardaraq xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında regionun hüquqi statusunu birtərəfli qaydada həll etməyə, işğalı legitimləşdirməyə uğursuz cəhdlər edir. Lakin bu ilin martın 31-də Dağlıq Qarabağda səhnələşdirdiyi seçkilərə münasibətdə olduğu kimi bütün dünya tərəfindən Ermənistanın bu qanunsuz cəhdləri rədd edilir və qəbul olunmur. Bu cəhdlər beynəlxalq ictimaiyyət tərəfindən Helsinki yekun aktının tələblərinə uyğun olaraq rədd edildikdə isə işğalçı ölkə ATƏT-in Minsk Qrupu formatı çərçivəsində sülh danışıqlarını sabotaj etməyə, mövcud status-kvonunun qorunub saxlanmasına və Azərbaycana qarşı hərbi təxribatlar törətməyə başlayır.
Ermənistanın bu cür davranışının əsas səbəbi isə son 28 ildə onun cəzasız qalmasıdır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini indiyə kimi yerinə yertirməyən və Helsinki Yekun Aktının 10 prinsipinin hamısını kobud şəkildə pozan Ermənistana qarşı beynəlxalq praktikaya və qaydalara uyğun olaraq hər hansı bir sanksiya tətbiq olunmursa və ya sülhə məcbur edilmirsə, o zaman beynəlxalq hüququn və 45 yaşı olan Helsinki Yekun Aktının dəyəri də heçə enir. Təəssüf ki, ATƏT-in təhlükəsizlik arxitekturasının acı və eyni zamanda gerçək reallığı hələlik bundan ibarətdir. Ona görə də mən Helsinki Yekun Aktının 45 illik yubileyi ilə bağlı heç kimi təbrik edə bilmirəm. Bunu çox istəsəm də…