AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ İYUNDA KEÇİRİLƏCƏK!

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı isə indiyə qədər mətbuatda müxtəlif versiyalar səsləndirilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir.

“AzPolitika”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, ölkəmizdə növbəti parlament seçkisi 2024-cü ilin noyabr deyil, iyun ayında keçiriləcək. Bunun səbəbi ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Həmçinin Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş olardı.

Böyük beynəlxalq tədbir deyərkən, əlbəttə ki, noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – “COP29” nəzərdə tutulur. Bu tədbir öz əhəmiyyəti və kütləviliyi ilə xüsusi seçilir. “COP29”-a dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir. Gələn qonaqlar arasında çoxlu sayda hökumət və dövlət başçıları olacaq.

Yəni bu beynəlxalq tədbirin əhəmiyyətini kiçiltmək mümkün deyil və onun təhlükəsizliyi də daxil olmaqla, təşkilatçılıq işləri kifayət qədər böyük vaxt, əmək və resurslar tələb edəcək. Onu da qeyd edək ki, ölkəmizdə keçiriləcək kütləvi beynəlxalq tədbirlər “COP29”-la məhdudlaşmır.

Sentyabr ayında “Formula-1” yarışı keçiriləcək ki, bu tədbir də ciddi hazırlıq, təşkilat işləri tələb edir.

Bütün yuxarıda qeyd edilənlər nəzərə alınaraq, parlament seçkisinin noyabrda keçirilməsi məqbul sayılmır. Ona görə də seçkinin daha əvvələ – iyun ayına təyin edilməsi qərara alınıb.

Mənbələrimiz qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir.

Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır.

Bundan başqa, Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər­) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır.

Daha dəqiq desək, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button