Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb VİDEO

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq görülür, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə layihələr davam etdirilməkdədir.

Polise.az xəbər verir ki, genişmiqyaslı proqrama uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilib və ilk tədbir Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsində təşkil olunub.

Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihə bələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçki komissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələrini əhatə edir.

Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button