Bərdə Müalicə-Diaqnostika Mərkəzi həkiminin səhlənkarlığı: məktəbli qızın ayağı kəsildi-ŞOK

Ağcabədi rayon prokuroru Vüqar Hacıyev avtoqəza ilə bağlı qaldırılmış cinayət işinin istintaqında müstəntiqin 3 aylıq hərəkətsizliyinə susur: 11-ci sinif şagirdinin atası Baş Prokuror Kamran Əliyevə şikayət etdi…
Ağdam rayon sakini, hazırda Ağcabədi rayonunun Hüsülü ərazi nümayəndəliyinin Təzəkənd kəndində müvəqqəti məskunlaşmış Əliyev Zabil Əsgər oğlu Baş Prokuror Kamran Əliyevə şikayət yazıb. O, surəti «Təzadlar» qəzeti redaksiyasına göndərilmiş müraciətində ailəsinin və qız övladının başına əbədi travma-faciə gətirmiş vəzifəli şəxslərin, eləcə də bu iş üzrə Ağcabədi rayon Polis Şöbəsində qaldırılmış cinayət işinin istintaqının qəsdən və müəmmalı səbəblərdən uzadılmasından ciddi narahatlığını qeyd edir. Ata, həmçinin həmin cinayət işinin Ağcabədi RPŞ-dən alınaraq başqa rayona verilməsini xahiş edir.
Şikayət məktubunu kiçik ixtisarla təqdim edirik:
«Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə!
Çox hörmətli cənab Baş prokuror, bildirirəm ki, 09.01.2026-cı il tarixdə yaşadığımız Ağcabədi rayonunun Təzəkənd kəndində övladım, 08.03.2009-cu il təvəllüdlü 11-ci sinif şagirdi Əliyeva Yetər Zabil qızı, kəndin mərkəzi yolunun kənarı ilə gedərkən arxadan gələn “Jiquli06» markalı 50BF670 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən, sürücülük hüququ olmayan, Ağcabədi rayonu Təzəkənd kənd sakini Məhərrəmov Elnur Novruz oğlu başqasına məxsus avtomaşınla qızım Yetəri yol kənarında olan qaz borusuna çırpmışdır. Yetərin sağ ayağı dizdən aşağı sınmış, avtomaşının qabaq təkəri isə sağ ayağının üstündə təxminən 3-4 dəqiqədən artıq qalaraq ayağının pəncəsini ağır vəziyyətdə əzmişdir. Sürücü isə hadisə yerindən kənarlaşmış, mən özüm qızım Yetər Əliyevanı dərhal şəxsi avtomaşınla Bərdə Müalicə Diaqnostika Mərkəzinə aparmalı oldum. Xəstə həkim travmatoloq Xaliq Məmmədov tərəfindən qəbul edildi, o, rentgen çəkilişinə baxaraq ayağı baldır hissəyədək gipsə qoydu, bunun müqabilində 100 (yüz) manat da pul aldı, sonra bizi xəstəxanada saxlamayaraq evə yola saldı. Bu hadisədən təxminən 19 gün sonra- 28.01.2026-cı il tarixdə baxdıq ki, Yetərin barmaqları və ayağının üstü qaralır. Dərhal ayağı gipsə qoymuş həkimlə əlaqə saxladıq, bildirdi ki, təcili Bakıya aparın, mən heç nə edə bilmərəm və s. Biz dərhal qızımı Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Funda” Hospitalına apardıq. Həkimlər uzun müddət müalicə etməsinə baxmayaraq azyaşlı qızım Yetər Əliyevanın sağ qılçası dizindən yuxarı amputasiya edildi. Həkimlərin rəyi əvvəldən belə olmuşdu ki, Bərdə Müalicə Diaqnostika Mərkəzinin travmatoloqu Xaliq Məmmədov ayağın sınmış hissəsini deyil, diz də qarışıq, yuxarı baldır hissəni də gipsə qoymaqla oynaq damarlarının sıxılmasına və ayağa qan işləməməsinə səbəb olan səhlənkarlığa yol vermiş, nəticədə aşağı ayaq hissəyə qan işləmədiyindən qanqren vermiş, damarlar tıxanmış, çürümə baş vermişdir.
Xatırladım ki, törədilmiş avtoqəza ilə bağlı Ağcabədi RPŞ-nin istintaq bölməsində cinayət işi başlansa da, bu günədək başqasının avtomobili ilə sürücülük vəsiqəsi olmadan ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücünün və avtomobilin əsl sahibinin barəsində qanuni tədbirlər görülməmiş, əksinə, müstəntiqlə «dil tapan» «sürücü» bizə açıq şəkildə deyir ki, hara istəyirsiniz şikayət edin, mənlik deyil və s. Axı bu necə ola bilər! Aradan 3-aydan çox vaxt keçməsinə baxmayaraq hadisəni törətmiş Elnur Məhərrəmov və həkim travmatoloq Xaliq Məmmədovun barəsində istintaq heç bir tədbir görməmişdir.
Qeyd edim ki, hazırda oğlum “N” saylı hərbi hissədə xidmət edir və o, avtomaşın bacısını vuranda hərbi xidmətə getməmişdi, andiçmədə bildirdi ki, əgər bacımın ayağı kəsilsə, hərbi hissənin həyətində intihar edəcəm. Oğlumun bu sözündən də hazırda qorxuya düşmüşük, bu bədbəxt və faciəvi hadisə barədə ona heç nə demirik.
Hörmətli cənab Baş Prokuror! Bu cür ailə faciəsi üzərindən istintaqın hərəkətsizliyinə isə istintaqa nəzarət etməli olan Ağcabədi rayon prokuroru Vüqar Hacıyev 3 aydır susur. Niyə? Mən ata kimi məktəbli qızımın qarşısında hər gün dayanıb susuram və göz yaşı içində ona deyə bilmirəm ki, mən Ağcabədi rayon Polis Şöbəsinin rəisinin və müstəntiqin hərəkətsizliyi, qanuni vəzifələrini yerinə yetirməmələri qarşısında hələki acizəm! Axı niyə belə olmalıdır??? Ailəmizə və övladıma əbədi faciə gətirmiş «sürücü» necə ola bilər ki, ortalıqda gəzsin və günahkar ola-ola cəzalandırılmasın, məsuliyyətə cəlb edilməsin?
Ulu Öndər Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda! İndi günahkar cəzasızdır, günahsız məktəbli qızım isə heç nədən əbədi olaraq həyati cəzaya məhkum edilib!
Hörmətli Kamran müəllim, yəqinki bir ata və valideyn olaraq Siz mənim acizanə vəziyyətimi qiymətləndirəcəksiniz. Xahişim odur ki, bu faciə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində qaldırılmış cinayət işi alınaraq başqa rayona verilsin. Eləcə də orta məktəb şagirdi olan azyaşlı qızımın bu vəziyyətə düşməsində birbaşa günahkar olan sürücü Elnur Məhərrəmov, eləcə də ona avtomobilini vermiş əsl sahibi, həmçinin qızımı həkim səhlənkarlığı ilə əbədi əlilliyə düçar etmiş Bərdə Müalicə-Diaqnostika Mərkəzinin travmatoloqu Xaliq Məmmədovun qanuna müvafiq qaydada cəzalandırılması üçün aidiyyəti üzrə tapşırıq verəsiniz».
REDAKSİYADAN: Şikayət aidiyyəti üzrə Baş Prokurorluğa, həmçinin Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliynə, TƏBİB-in tabeliyində olan Bərdə Müalicə-Diaqnostika Mərkəzinə göndərildi.
Əlavə məlumat veriləcək. /Təzadlar/
Polise.az





