Bacısının xilasına çalışan 12 yaşlı qızın müraciəti ilə bağlı Dövlət Komitəsindən – AÇIQLAMA

Şəkidə ögey atasının işgəncə verdiyi bildirilən 12 yaşlı qız müvəqqəti olaraq sığınacağa yerləşdirilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib.
“Təssüflər olsun ki, cəmiyyətimizdə azyaşlı uşaqlara qarşı belə bir hal baş verib. Bu məsələ ilə məlumat əldə edilən kimi dərhal Dövlət Komitəsi tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.
Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixo-sosial yardım həyata keçirilir. Eyni zamanda ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir”.
Qeyd olunub ki, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir.
“İstintaq tədbirlərinin yekunundan sonra, ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcəkdir”.
Qeyd edək ki, ötən gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə 12 yaşlı qızın müraciətini paylaşıb.
Qız müraciətdə “Yalvarıram, 7 yaşlı bacımı anamın əlindən alın. Mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq” deyib.
Bildirilib ki, ana ikinci dəfə məhbus həyatı yaşayan biri ilə həbsxanada nikaha girib. Onun yanına 3 gün qalmaq üçün bir neçə dəfə 11 yaşlı və 6 yaşlı qızını da aparıb. 12 yaşlı qız 2 -ci sinfədək oxuyub. Atalığın isə cinsi zorakılıq maddəsi ilə həbs olunduğu bildirilib.
Polise.az



