Bahalaşan Novruz süfrəsi: Qiymətlərin artımı mövsümidir, yoxsa müharibə ilə bağlıdır?

Novruz bayramı yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur və bayram süfrəsinin əsas atributları sayılan çərəz, quru meyvə və digər ərzaq məhsullarına tələbat artır.
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, bayram ərəfəsində qida məhsullarının qiymətində müəyyən artım müşahidə olunması hər il təkrarlanan haldır:
“Bu artım əsasən tələbatın yüksəlməsi ilə bağlıdır, əsasən süni şəkildə həyata keçirilir. Çünki bayram süfrəsi ilə bağlı ciddi tələbat yaranır. Bu, xalqımızın qida, bayram və süfrə mədəniyyəti ilə əlaqədardır. İnsanlar bayram süfrəsini daha zəngin hazırlamağa çalışır. Tələbat artdıqca bəzi hallarda qiymətlərdə süni artım müşahidə olunur. Əslində təklif tələbi qarşılaya bilir, buna baxmayaraq qiymətlərdə artım baş verir”.

Ekspert qeyd edib ki, İrandan gələn məhsullar qiymətlərə ciddi təsir göstərmir:
“Qeyd etmək lazımdır ki, məhdudiyyətlər uzun müddət davam etmədi və artıq ölkələr arasında iqtisadi əlaqələr, yük daşımaları bərpa olunub. Digər tərəfdən, süfrələrdə istifadə olunan ərzaqların hamısı İrandan gəlmir, bu maksimum 20 faiz təşkil edir. Bu məhsullar əsasən quru meyvələrdir. Hazırda quru meyvələr Özbəkistan, Qazaxıstan, Türkiyə, Ukrayna və Çindən də ölkəmizə idxal olunur. Yerli fındığı nəzərə almasaq, digər quru meyvələrin qiymətində ötən illərlə müqayisədə kəskin artım müşahidə edilmir. Lakin fındıqda ciddi bahalaşma var. Bu isə ölkədə istehsalın azalması və ixracın artması ilə bağlıdır”.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli də Teleqraf-a açıqlamasında bildirib ki, bayram ərəfəsində məhsulların bahalaşması əsasən mövsümi xarakter daşıyır:
“Bu, hər il təkrarlanan prosesdir. Çünki bayram ərəfəsində tələbat ciddi şəkildə artır. Sahibkarlar da bunu nəzərə alaraq ehtiyatlarını əvvəlcədən formalaşdırır və məhsulları daha yüksək qiymətə satmağa hazırlaşırlar. Bundan əlavə, son illər müşahidə olunan ərzaq inflyasiyası da bu prosesə təsir edir. Məsələn, ötən il ümumi inflyasiya 5,17 faiz olsa da, ərzaq məhsullarında inflyasiya 7 faizdən çox olub”.

İqtisadçı bildirib ki, bəzi iqtisadi amillər də ərzaq məhsullarının bahalaşmasına təsir göstərir:
“Tarif Şurasının qərarları, benzinin və dizel yanacağının qiymətinin artması, enerji və kommunal xərclərin yüksəlməsi sahibkarların daşıma və saxlama xərclərini artırır. Bu da məhsulların qiymətinə təsir edir. Bundan başqa, İranda baş verən müharibə də daşıma xərclərinin artmasına səbəb olub və bu, müəyyən dərəcədə qiymətlərə təsir göstərir”.
Xalid Kərimli əlavə edib ki, fındığın bahalaşması Novruzla bağlı deyil:
“Fındığın qiyməti ötən il dünya bazarında demək olar ki, iki dəfəyə yaxın artıb. Azərbaycanda ixrac olunan fındığın qiyməti də təxminən 41 faiz yüksəlib. Dünyada fındığın əsas ixracatçısı Türkiyədir və orada da qiymətlər təxminən iki dəfə artıb. Bu isə iqlim şəraitinin məhsuldarlığı azaltması ilə əlaqədardır”.
Ekspertin sözlərinə görə, idxal və logistika xərclərinin artması da qiymətlərə birbaşa təsir edir:
“İdxal qiymətləri və logistika xərcləri artdıqda bu, bazarda qiymətlərə təsir göstərir. Məsələn, Türkiyədən gətirilən fındıq bahalaşarsa, yerli sahibkar da öz məhsulunu əvvəlki kimi ucuz sata bilməz. Dünya bazarında qiymətlər yüksəlirsə, bu yerli məhsulların qiymətinə də təsir edir”.
İqtisadçı vurğulayıb ki, bayram ərəfəsində müşahidə olunan qiymət artımını satıcıların süni şəkildə yaratması fikri düzgün deyil:
“Süni qiymət artımı bazarda böyük gücə malik olan monopoliyalar tərəfindən həyata keçirilə bilər. Bazarda tələbat və təklif əsasında formalaşan qiymət süni hesab olunmur. Süni qiymət bazar şərtləri ilə formalaşmayan, inhisarçıların müəyyən etdiyi qiymətdir. Novruz bayramı ilə əlaqədar bazarda müşahidə olunan qiymət artımı isə əsasən tələbatın yüksəlməsi ilə bağlıdır”.



