Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək
Otuz yeddi ölkədən 300-dək şirkət Bakı Enerji Həftəsində iştirak edəcəyini təsdiqləyib.
Polise.az xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr edilən mətbuat konfransında deyib.
“İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır”, – deyə o bildirib.
Qeyd edək ki, “Bakı Enerji Həftəsi” iyunun 4-dən 6-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 29-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 12-ci Xəzər Beynəlxalq “Energetika və Yaşıl Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan 29-cu Bakı Enerji Forumunu bir araya gətirir. Hər il keçirilən “Caspian Oil & Gas” sərgilərində neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri iştirak edirlər. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.
Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və “Caspian Event Organisers”, həmçinin beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.
Polise.az